Ermənistan hökuməti ölkənin yeni konstitusiya layihəsini dərc edib. Sənəd noyabrın 23-də xüsusi yaradılmış internet saytında ictimaiyyətə təqdim olunub.
Layihənin açıqlanmasından sonra Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciət edib.
Paşinyanın xalqa müraciətinin tam mətnini təqdim edirik:
“Diqqət, sitat gətirirəm: “Biz – Ermənistan Respublikasının xalqı dövlətçiliyimizin davamlılığı və inkişafı naminə, beynəlxalq səviyyədə tanınmış ərazimizdə müstəqil, dinc, təhlükəsiz və rifah içində yaşayan dövlət qurmaq missiyasını rəhbər tutaraq, bu dövləti nəsildən-nəslə ötürmək öhdəliyini üzərimizə götürərək Ermənistan Respublikasının Konstitusiyasını qəbul edirik. Konstitusiya Ermənistan Respublikasının daxili və xarici münasibətlərinin əsas prinsipləri haqqında kollektiv razılaşmamızdır”. Sitatın sonu.
Əziz xalqım, Ermənistan Respublikasının əziz vətəndaşları, bu, Ədliyyə Nazirliyinin mənim tapşırığımla bu gün xüsusi yaradılmış internet saytında dərc etdiyi Ermənistan Respublikasının yeni konstitusiyasının layihəsindən götürülmüş sitat idi.
Saytın əsas məqsədi hər bir vətəndaşın layihə ilə özü üçün ən əlverişli formada tanış olmasını və təkliflərini təqdim etməsini təmin etməkdir.
Yeni konstitusiya layihəsini hazırlamaq hüququnu və səlahiyyətini biz sizdən 2026-cı il parlament seçkilərinin nəticələrinə əsasən almışıq. Yeni konstitusiyanın qəbul edilməsi Vətəndaş Sazişi Partiyasının seçkiqabağı proqramının mühüm müddəalarından biridir.
Son illər yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyi barədə dəfələrlə danışmışam. Bu mövzu o qədər çoxşaxəlidir ki, qarşıdakı dövrdə, xüsusən də layihənin fəal ictimai müzakirəsini gözlədiyim üçün, şübhəsiz, ona dəfələrlə qayıtmalı olacam.
Hazırda Ermənistan Respublikasının və Ermənistan Respublikası xalqının konstitusiyaya malik olmasının zəruriliyini əsaslandıran bir neçə səbəb və arqumentə toxunmaq istəyirəm.
Yeni konstitusiyanın qəbulu vasitəsilə vətəndaşla ölkədə mövcud olan hüquq qaydası arasında üzvi əlaqə yaratmalıyıq. Bu hüquq qaydası bütün hallarda konstitusiyadan qaynaqlanır. Bu gün də ölkəmizdə mövcud olan hüquq qaydası qüvvədəki konstitusiyaya əsaslanır. Lakin bununla vətəndaşla ölkədəki hüquq qaydası arasında üzvi əlaqə yaranmayıb. Səbəb isə sadədir: əvvəlki konstitusiyaların heç biri vətəndaşların azad iradəsi ilə qəbul edilməyib. İctimaiyyətin geniş yayılmış qənaətinə görə, həmin referendumların nəticələri saxtalaşdırılıb.
Gəlin, elə indi kiçik bir sınaq keçirək. Görək, sən, bəli, məhz sən, hazırda bu çıxışı izləyən hörmətli vətəndaş, Ermənistan Respublikasında bu gün qüvvədə olan konstitusiyanı öz konstitusiyan hesab edirsənmi? Aydındır ki, xeyr. Bizim çoxsaylı problemlərimiz də məhz buradan başlayır: vətəndaş konstitusiyanı özününkü hesab etməyəndə ölkədəki hüquq qaydasını da özününkü saymır və nəticədə dövləti də özününkü hesab etmir.
Konstitusiya sənin olmalıdır, hüquq qaydası sənin olmalıdır və beləliklə, dövlət də bütövlükdə sənə məxsus olmalıdır.
Bu, mənim və ya başqa birinin konstitusiyası deyil, sənin konstitusiyandır. Orada deyilir: “Ermənistan Respublikasının qurucusu Ermənistan Respublikasının xalqıdır. Ermənistan Respublikasında hakimiyyət xalqa məxsusdur, xalq hakimiyyətin sahibidir, daşıyıcısıdır və mənbəyidir. Xalq Ermənistan Respublikası vətəndaşlarının məcmusudur”. Sitatın sonu.
Bu layihənin məqsədi hüquq qaydasını, konstitusiyanı və dövləti sənin etməkdir. Çünki konstitusiya layihəsində deyilir: “Xalq Ermənistan Respublikasını öz təhlükəsizliyini, azadlığını və rifahını təmin etmək, kimliyini qorumaq və inkişaf etdirmək, insan və vətəndaş hüquq və azadlıqlarını müdafiə etmək məqsədilə təsis edib. Bu məqsədin həyata keçirilməsi dövlət marağıdır”. Sitatın sonu.
Bunlar sadəcə cümlələr deyil, dövlət modelinin seçimidir. Bu, tamamilə yeni dövlət modelidir və məhz bu modeli “dördüncü respublika” adlandırırıq.
“Dördüncü respublika” “üçüncü respublika”dan nə ilə fərqlənir? Münaqişənin olmaması ilə, əziz həmvətənlər. Ermənistanın “üçüncü respublika”sı vətəndaşların təhlükəsizliyini, azadlığını və rifahını təmin etmək, onların kimliyini qorumaq və inkişaf etdirmək, insan və vətəndaş hüquq və azadlıqlarını müdafiə etmək məqsədilə deyil, münaqişə naminə, münaqişə üçün yaradılıb. Bu, təkcə 1990-cı illərdə Ermənistan rəhbərlərinin bəyanatlarından və məqalələrindən deyil, 1990-cı il avqustun 23-də qəbul edilmiş Müstəqillik Bəyannaməsinin mətnindən də aydın görünür. Məhz münaqişə məntiqi insanı və onun arzularını arxa plana keçirərək ölkəni qarşıdurma yoluna yönəldib. Məhz bu məntiq ölkəmizi tükəndirən mühacirətə səbəb olub. Məhz bu məntiq ölkəmizdə general Manvelləri, Dodi Qaqoları, Kaluqalı Samoları, Robert Köçəryanları, Serj Sərkisyanları və Mişikləri yetişdirib. Onların işi və missiyası bir olub: “Böyük Ermənistan” haqqında pafoslu şüarlar altında qarət etmək, qarət etmək, yenə də qarət etmək.
Bu gün, nəhayət, talançılar bir-bir layiqli cəzalarını alırlar, qarət edilmiş vəsaitlər dövlətə və xalqa qaytarılır. Lakin hazırda Ermənistanda ədalət mühakiməsinə etibar yoxdur. Etiraf edirəm, bilmirəm, sabah hansı məhkəmənin hansı qərarla hansı talançını və ya korrupsioneri azadlığa buraxacağını bilmirəm. Qüvvədəki konstitusiyanın dəmir müdafiəsi altına aldığı cinayətkar-oliqarxik ədalət sistemi səbəbindən xalqın mandatına malik hökumətin mövcud olduğu şəraitdə belə çoxsaylı talançılar və qatillər azadlıqda dolaşırlar.
Bu konstitusiyanın məqsədlərindən biri ədalət mühakiməsini oliqarxiyanın caynağından xilas etmək, onu xalqa qaytarmaq, xalqın və dövlətin xidmətinə verməkdir.
2018-ci il xalqın iştirakı ilə baş vermiş dinc, qeyri-zorakı, məxməri inqilabın nəticəsi olaraq hakimiyyət xalqa qaytarılıb. Yeni konstitusiyanın qəbulu ilə dövlət xalqa qaytarılmalı, sülh də xalqa qaytarılmalıdır. Yeni konstitusiya layihəsinin 8-ci maddəsində Ermənistan Respublikasının xarici siyasətinin məqsədinin sülhün təmin edilməsi olduğu təsbit edilir. Bu, dövrün ən mühüm hadisələrindən biridir. Bəli, bu, 1990-cı il avqustun 23-də qəbul edilmiş Müstəqillik Bəyannaməsinin, başqa sözlə, münaqişə məntiqinin rədd edilməsidir. Heç vaxt belə düşünməyin ki, biz bunu xarici təzyiqlər nəticəsində və ya başqası naminə edirik. Biz bunu dövlətçiliyimizin davamlılığını təmin etmək və Ermənistan Respublikasını forpost məntiqindən xilas etmək üçün edirik.
Məqsədimiz Ermənistan Respublikasını səngərdən sülhün kəsişmə nöqtəsinə çevirməkdir. Bizim eyni zamanda dövlət sərhədlərinin və beynəlxalq səviyyədə tanınmış ərazisinin toxunulmazlığını müstəqil şəkildə qoruya biləcək ordumuz olmalıdır.
Mən bu məsələyə bütün siyasi, insani və mənəvi etimadımı bağlayıram və bəyan edirəm ki, yeni konstitusiya qəbul edildikdən sonra biz Azərbaycanla sülh sazişini imzalayacaq, onu ratifikasiya edəcək, institusional, davamlı və dönməz sülhə nail olacağıq. Bu, təkcə institusional sülhə malik olacağımıza görə deyil, həm də sülh və müstəqilliyə, sülh və dövlətçiliyə eyni vaxtda sahib olacağımıza görə misilsiz və tarixi vəziyyət olacaq.
Əslində, bu, xalqımız üçün tamamilə yeni vəziyyətdir. Çünki biz adətən sülh və dövlətə ayrı-ayrılıqda malik olmuşuq.
Yəqin ki, məhz buna görə Sovet İttifaqının dağılması ərəfəsində Qarabağ münaqişəsi yaradılmışdı: sülhü əlçatmaz arzuya çevirmək və bu arzunu yenidən gerçəkləşdirmək ümidi ilə bizi dövlətdən və müstəqillikdən imtina etmək fikrinə gətirmək. Bunu açıq şəkildə demək istəyirəm ki, Qarabağ məsələsi üzrə bütün danışıqlar prosesi məhz bu məntiq üzərində qurulmuşdu. Bəli, həmin münaqişə bizi dövlətçiliyi itirmək həddinə çatdırdı. Lakin bu gün həlak olanlarımızın fədakarlığı, sizin əzablarınız və məhrumiyyətləriniz bahasına elə bir mərhələyə gəlib çatmışıq ki, həm sülhə, həm dövlətə, sülhlə müstəqilliyə eyni vaxtda sahib olmaq imkanımız var.
“Üçbaşlı müharibə partiyası”nın qarşısını almaq istədiyi də məhz budur. Onların problemi məhz bununla bağlıdır, missiyaları da buna imkan verməməkdir. Əks halda, onların mənim çox aydın və normal bir müxalifət üçün sadəcə arzu sayıla biləcək təklifimi rədd etmələrini nə ilə izah etmək olar? Bəs mən müxalifətə nə təklif edirəm və bunu nə üçün edirəm?
Milli Məclisdə Vətəndaş Sazişi fraksiyasının deputat mandatlarının sayı yeni konstitusiya ilə bağlı referendum təyin etmək üçün tələb olunandan altı nəfər az olduğuna görə müxalifətə təklif vermişəm. İndi bu təklifi hamınızın gözü qarşısında, canlı yayımda məsuliyyətlə bir daha səsləndirirəm: müxalifət konstitusiya layihəsinin referenduma çıxarılması barədə qərarın lehinə səs versin və biz konstitusiya referendumu keçirək. Beləliklə, yeni konstitusiyanın taleyini referendumun nəticələrinə əsasən siz – Ermənistan Respublikasının xalqı, vətəndaşları müəyyən edə biləcəksiniz.
Təklifimin davamı isə müxalifət üçün misilsiz imkan yaradır: əgər xalq konstitusiyanın əleyhinə səs versə və yeni konstitusiya qəbul edilməsə, mən istefa verəcək və baş nazir vəzifəsindən gedəcəm. Əgər xalq konstitusiyanın lehinə səs versə, növbəti seçkilərdə – istər növbəti, istərsə də növbədənkənar seçkilərdə – artıq baş nazirliyə namizədliyimi irəli sürməyəcəm. Növbəti seçkilərə qədərki müddətdə isə baş nazir kimi sülhün institusionallaşdırılması və yekunlaşdırılması ilə məşğul olacam. Əminəm ki, bu, baş tutacaq.
Beləliklə, Ermənistan sülhlə dövlət, sülhlə müstəqillik, sülhlə rifah, sülhlə demokratiya arasında seçim etməyə artıq ehtiyac qalmayacağı tarixi və tamamilə yeni mərhələyə çatacaq. Biz həm sülhə, həm müstəqilliyə, həm dövlətə, həm rifaha, həm azadlığa, həm də demokratiyaya malik olmalıyıq.
Əziz xalqım, Ermənistan Respublikasının əziz vətəndaşları, bax, biz vəd etdiyim gələcəyə gəlib çatmışıq. İndi bizə yalnız əlimizi uzadıb onu əldə etmək qalır. Ümid edirəm ki, parlament müxalifəti bu yolda maneə olmayacaq. Ümid edirəm ki, müxalifət sülhün yeganə maneəsi olmaq statusundan əl çəkəcək və Ermənistan Respublikasının sahibinə, yəni xalqa mane olmağa çalışmayacaq”.
Medianews.az xatırladır ki, 1975-ci il təvəllüdlü Nikol Paşinyan baş nazir postuna 2018-ci il mayın 8-də inqilab dalğasında oturub. Həmin il dekabrın 9-da keçirilmiş parlament seçkisini onun “Mənim addımım” bloku, 2021-ci il iyunun 20-də və 2026-cı il iyunun 7-də keçirilmiş parlament seçkilərini lideri olduğu Vətəndaş Sazişi Partiyası udub.
105 nəfərlik indiki parlamentdə Vətəndaş Sazişi Partiyasının 64, müxalif qüvvələrin 41 (Güclü Ermənistan blokunun 29, Ermənistan blokunun 12) mandatı var. Yeni konstitusiya layihəsinin parlamentdə qəbul olunub referenduma çıxarılması üçün 70 səs gərəkdir.
Azərbaycanla sülh sazişini Ermənistanın hazırda qüvvədə olan konstitusiyasının giriş (preambula) hissəsinin Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alması mümkünsüz edir.
1988-ci ildə Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb və getdikcə açıq təcavüzə çevrilib.
1989-cu il dekabrın 1-də Ermənistan parlamentinin və “Dağlıq Qarabağ milli şurası” adlı qondarma qurumun birgə iclasında Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsi qərarı çıxarılıb.
1990-cı il avqustun 23-də Ermənistan parlamenti müstəqillik bəyannaməsi qəbul edib. Bəyannamədə 1 dekabr 1989-cu il qərarına da istinad olunub, yəni dolayısı ilə Qarabağın dağlıq hissəsi Ermənistan ərazisi kimi tanınıb.
1991-ci il sentyabrın 2-də Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib, sentyabrın 21-də isə Ermənistanda müstəqillik referendumu keçirilib, ardınca hərbi təcavüz sürətlənib, 1994-cü ilin mayına qədər Azərbaycanın altıda biri işğal olunub.
5 iyul 1995-ci ilin referendumunda Ermənistan Konstitusiyası qəbul edilib. 27 noyabr 2005-ci il və 6 dekabr 2015-ci ilin referendumlarında yenilənən konstitusiyanın preambulasında 23 avqust 1990-cı il bəyannaməsinə istinad var. Azərbaycan bunu əsas götürərək Ermənistan Konstitusiyasının yenilənməsi tələbi qoyur.
1988-1994-cü illərin təcavüzündə Azərbaycanın cənub-qərbi və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi Ermənistanın əlinə keçib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.
2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.
2024-cü il mayın 24-də Ermənistan Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndlərindən çəkilib.
Sədərək rayonunun Kərki, Qazax rayonunun Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir.
2025-ci il avqustun 8-də Azərbaycan prezidenti və Ermənistanın baş naziri Vaşinqtonda ABŞ prezidentinin şahidliyi ilə birgə bəyannamə imzalayıb sülh öhdəliyi götürüb, iki ölkənin xarici işlər nazirləri isə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar.