Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edilib.
Bu barədə Media və Yayım Şurası məlumat yayıb.
Bildirilib ki, Media Reyestrinə daxil edilmiş, ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikası Media və Yayım Şurasına təqdim edilir.
Müsabiqədə iştirak etmək istəyən media subyektlərinin heyətində ən azı bir nəfər məsul redaktor və üç nəfər jurnalist olmaqla, ümumilikdə azı dörd nəfər olmalıdır.
Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektlərinin hər biri ilə aylıq 5000 (beş min) manat məbləğində maliyyə yardımının göstərilməsinə dair 6 (altı) ay müddətinə müqavilə imzalanır. Bu müddət ərzində müvafiq dörd əməkdaşın hər birinin aylıq əməkhaqqı minimum 800 (səkkiz yüz) manat təşkil etməlidir.
Qeyd edək ki, müsabiqəyə 30 noyabr 2026-cı il saat 18:00-dək müraciət etmək mümkündür.
Müsabiqənin qaydaları ilə buradan ətraflı tanış ola bilərsiniz.