Daha əvvəl xəbər verdiyimiz kimi, Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkə yeni yaradılmış xüsusi sayt vasitəsilə ölkənin yeni Konstitusiya layihəsini dərc edib.
Saytın ayrıca bölməsində yeni Konstitusiyada hansı yeniliklərin nəzərdə tutulduğu təqdim olunur.
Yeni Konstitusiya nə üçün zəruridir?
Rəsmi İrəvanın əsaslandırması belədir:
“Yeni Konstitusiyanın qəbul edilməsində məqsəd Ermənistanın dövlətçilik əsaslarını möhkəmləndirmək və Konstitusiyanın həqiqətən xalq iradəsinin ifadəsi kimi qəbul olunmasını təmin etməkdir.
İllər ərzində mövcud Konstitusiyanın tətbiqi, eləcə də onun xalqın azad iradəsi ilə qəbul edilib-edilməməsi ilə bağlı suallar və şübhələr yaranıb. Buna görə də yeni Konstitusiyanın ümumxalq referendumu ilə qəbul edilməsi, vətəndaşların real dəstəyini və etimadını qazanması vacibdir.
Konstitusiya sadəcə hüquqi sənəd deyil, dövlətlə vətəndaşlar arasındakı münasibətləri tənzimləyən, hər bir insanın həyatında real əhəmiyyət daşıyan əsas qanun olmalıdır. O, insanın əsas hüquq və vəzifələrini, dövlət hakimiyyətinin təşkili və fəaliyyət prinsiplərini müəyyən edir.
Yeni Konstitusiyanın əsasını Ermənistan Respublikasının qurucusunun xalq olması və hakimiyyətin xalqa məxsusluğu ideyası təşkil edir. Dövlət hakimiyyəti insanlara xidmət etməli, dövlət orqanları və vəzifəli şəxslər cəmiyyət qarşısında hesabat verməli və ictimai maraqlardan çıxış edərək fəaliyyət göstərməlidirlər. Başqa sözlə, dövlət xalqın mənafeyi naminə işləməli, vətəndaşlar isə hakimiyyətin fəaliyyətinə nəzarət etmək imkanına malik olmalıdırlar.
Yeni Konstitusiya həmçinin davamlı dövlətçilik ideyasına əsaslanır. Bu o deməkdir ki, dövlətin fəaliyyəti yalnız bugünkü problemlərin həllinə deyil, Ermənistanın uzunmüddətli inkişafına da yönəlməlidir. Məqsəd gələcək nəsillərə müstəqil, sülhsevər, təhlükəsiz, inkişaf etmiş və rifah içində yaşayan dövlət ötürmək olmalıdır.
Yeni Konstitusiya Ermənistan Respublikasını “Sülhün kəsişmə nöqtəsi” kimi mövqeləndirir və sülhü xarici siyasət gündəliyinin əsas məsələsinə çevirir.
Yeni Konstitusiyanın qəbulu həmçinin milli kimliyin inkişafında yeni mərhələyə keçid kimi qiymətləndirilir: dövlətçiliyi olmayan xalqın davranış modelindən dövlət quran xalqın şüurlu davranış modelinə keçid. Bu yanaşma çərçivəsində kimliyin yeni anlayışı formalaşdırılır. Dövlət və kimlik yalnız bir-biri ilə əlaqəli deyil, həm də dövlət kimliyin əsasını təşkil edir.
Yeni Konstitusiyanın mərkəzində insan, onun ləyaqəti, hüquq və azadlıqları dayanır. Konstitusiyada hüquqların təsbit edilməsi ilə yanaşı, onların real müdafiəsinin təmin olunması da vacibdir. Bunun üçün insanın öz hüquqlarından necə istifadə edə biləcəyi, bu hüquqların necə qorunacağı və hansı hallarda məhdudlaşdırıla biləcəyi aydın şəkildə müəyyən edilməlidir. Eyni zamanda hər bir insanın dövlət və cəmiyyət qarşısında vəzifələri və məsuliyyəti də var.
Yeni Konstitusiya dövlət hakimiyyətinin müxtəlif qolları arasında tarazlığın təmin edilməsinə də xüsusi əhəmiyyət verir. Parlament Hökumətin fəaliyyətinə səmərəli nəzarət edə bilməli, Hökumət qəbul etdiyi qərarlar və gördüyü işlərə görə hesabat verməli, məhkəmələr isə müstəqil olmalı və ədalət mühakiməsini təmin etməlidir. Məhkəmələrlə xalq arasında əlaqənin gücləndirilməsi də vacib hesab olunur”.
Bununla yanaşı, “demokratik cəmiyyət”in həyatında siyasi partiyaların və kütləvi informasiya vasitələrinin rolu vurğulanır:
“Yeni Konstitusiya hansı dövlətə sahib olmaq istədiyimiz və həmin dövlətin hansı prinsiplərlə fəaliyyət göstərməli olduğu barədə vətəndaşların ümumi razılığına çevrilməlidir. Onun əsasını dövlətin xalqa xidmət etdiyi, insan hüquqlarını qoruduğu, milli kimliyin saxlanılmasını və inkişafını təmin etdiyi sülhsevər, təhlükəsiz, azad və rifah içində yaşayan Ermənistan ideyası təşkil edir”.
Ermənistanın yeni Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinad yoxdur. Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün bunun Konstitusiyadan çıxarılmasını tələb edirdi.
Bəyannamədə həmçinin qondarma erməni soyqırımı ilə bağlı məqamlar yer alır.