Ermənistanın hazırkı Konstitusiyasında Qarabağla bağlı nə deyilir?

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib.

Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiasının qeyd edildiyi ölkənin Müstəqillik Bəyannaməsinə istinad yer almayıb.

Nikol Paşinyan sosial şəbəkə hesabında Ermənistan Respublikasının yeni Konstitusiya layihəsi üçün xüsusi yaradılmış saytın linkini paylaşıb.

Bəs hələ ki qüvvədə olan mövcud Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad edən xüsusi müddəada nə deyilir?

Modern.az həmin müddəanı təqdim edir:

“Erməni xalqı erməni dövlətçiliyinin əsas prinsiplərini və ümummilli məqsədləri özündə əks etdirən Ermənistanın Müstəqillik Bəyannaməsini əsas götürərək, azadlıqsevər əcdadlarının suveren dövlətin bərpası ilə bağlı müqəddəs vəsiyyətini həyata keçirərək, vətənin möhkəmləndirilməsi və çiçəklənməsi işinə sadiq qalaraq, nəsillərin azadlığını, ümumi rifahını və vətəndaş həmrəyliyini təmin etmək məqsədilə, ümumbəşəri dəyərlərə sadiqliyini təsdiqləyərək Ermənistan Respublikasının Konstitusiyasını qəbul edir”.

Ermənistanın Müstəqillik Bəyannaməsində Qarabağ (Artsax) və erməni soyqırımı məsələləri də əksini tapıb.

Belə ki, sənədin giriş hissəsində Ermənistan SSR Ali Sovetinin Ermənistan xalqının vahid iradəsini ifadə etdiyi, bütün ermənilərin arzularının həyata keçirilməsi və tarixi ədalətin bərpası məsələsində erməni xalqının taleyi qarşısında məsuliyyətini dərk etdiyi bildirilir.

Bəyannamədə, həmçinin BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin prinsiplərinə və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına əsaslanıldığı, xalqların sərbəst öz müqəddəratını təyin etmək hüququnun rəhbər tutulduğu vurğulanır.

Sənəddə 1 dekabr 1989-cu il tarixli Ermənistan SSR Ali Soveti və Dağlıq Qarabağ Milli Şurasının “Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” birgə qərarına da istinad edilir.

Bəyannamədə 28 may 1918-ci ildə yaradılmış müstəqil Ermənistan Respublikasının demokratik ənənələrinin inkişaf etdirilməsi və demokratik, hüquqi ictimai quruluşun yaradılması məqsədi də bəyan olunur.

Sənədin yekun hissəsində isə müstəqil dövlətçiliyin təsdiqi prosesinə başlanıldığı elan edilir.

Bundan əlavə, Müstəqillik Bəyannaməsinin 11-ci bəndində aşağıdakılar qeyd olunub:

“Ermənistan Respublikası 1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda baş vermiş erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir”.

Diqqətə çatdıraq ki, Ermənistanın yeni Konstitusiya layihəsində parlament idarəetmə forması saxlanılır.

Erməni Apostol Kilsəsi ilə bağlı müddəa isə dəyişdirilmədən qorunub.

Beləliklə, yeni layihədə Müstəqillik Bəyannaməsinə birbaşa istinadın çıxarılması sənədin əvvəlki Konstitusiyadan fərqlənən mühüm məqamlarından biri kimi diqqət çəkir.