ABŞ-nin Minnesota ştatında 37 yaşlı keçmiş peşəkar xokkeyçi Niko Saketti saxlanılarkən polis əməkdaşı tərəfindən güllələnib.
"CBS News"a istinadən, bu barədə Sent-Luis dairəsinin şerif ofisi məlumat yayıb.
Məlumata görə, Saketti yol-nəqliyyat hadisəsi törədərək ərazidən qaçdıqdan sonra polis əməkdaşları ilə söhbəti zamanı avtomobilindən lüləsi uzun odlu silah çıxarıb. Şerif müavini ona qarşı güc tətbiq edərək təhlükəni zərərsizləşdirib.
Daha sonra keçmiş xokkeyçi Hibbinq şəhərindəki xəstəxanada vəfat edib.
Hadisə ilə bağlı araşdırmanı Minnesota Cinayət Axtarış Bürosu (BCA) aparır.
Qeyd edək ki, Niko Saketti mərkəz hücumçusu mövqeyində çıxış edib. Niko Sakketti 2007-ci ildə "Dallas Starz" klubunda mərkəz hücumçusu olub. O, Avropada, həmçinin Rusiya Ali Xokkey Liqasında (VXL) Tümen şəhərinin "Rubin" komandasında da oynayıb.