İstanbul, 21 noyabr, AZƏRTAC Noyabrın 21-də İstanbulda VII Beynəlxalq Qadın və Ədalət Zirvəsi işə başlayıb. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iştirak edib. AZƏRTAC xəbər verir ki, Türkiyənin Qadın və Demokratiya Vəqfi (KADEM) ilə Ailə və Sosial Xidmətlər Nazirliyinin birgə təşkil etdiyi tədbir bu il “Qurulmuş gözəlliklər” mövzusuna həsr olunub.Tədbir çərçivəsində keçirilən liderlər sessiyasında “Qüsursuz obrazların fövqündə: qadınların gücləndirilməsi naminə qlobal əməkdaşlıq” mövzusu müzakirə edilib. Sessiyada rəqəmsallaşma, sosial media, süni intellekt və media vasitəsilə formalaşan gözəllik standartlarının qadınların və qız uşaqlarının özünəinamına, psixoloji rifahına, özünüqavrayışına və ictimai həyatda iştirakına təsirindən danışılıb. Eyni zamanda, qadınların stereotiplərdən kənar öz kimliklərini ifadə etmələri, potensiallarını reallaşdırmaları, ləyaqətinin qorunması, ədalətli təmsilçilik və qadınlara qarşı zorakılığın qarşısının alınması istiqamətində görüləcək tədbirlərin əhəmiyyəti vurğulanıb.Çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova mövzunun aktuallığını vurğulayaraq, “qüsursuz görünmək” naminə aqressiv estetik və kosmetoloji prosedurlara, nəzarətsiz tibbi müdaxilələrə, sertifikatsız vasitələrə və sağlamlıq üçün riskli üsullara müraciət edilməsinin ciddi fiziki və psixoloji fəsadlara səbəb ola biləcəyini vurğulayıb. O, xüsusilə qadınların özlərinin də bu cür estetik standartların təbliğində və yayılmasında iştirak etməsinin yaratdığı ictimai-mədəni ziddiyyətə diqqət çəkərək, sosial şəbəkələrdə və kommersiya mühitində formalaşan süni estetik normaların qadınlar arasında ötürülməsinin xanımların özünüdəyərləndirmə, sağlamlıq və mənəvi rahatlığına mənfi təsir göstərə biləcəyini deyib.Dövlətimizin qadın siyasətinin əsas istiqamətlərinə toxunan komitə sədri qeyd edib ki, Azərbaycanda bu siyasət insan kapitalının inkişafı, bərabər imkanların təmin edilməsi və qadınların ictimai-iqtisadi həyatın bütün sahələrində fəal iştirakının təşviqi prinsiplərinə əsaslanır. Qəbul edilən qanunvericilik aktları və dövlət proqramları qadın hüquqlarının müdafiəsinə, məişət zorakılığına qarşı mübarizəyə, təhlükəsizliyin və sağlam həyat tərzinin təşviqinə xidmət edir.Bahar Muradova qızların süni sosial təzyiqlərdən qorunması və sağlam ictimai şüurun formalaşması baxımından keyfiyyətli təhsilə və elmi-tənqidi düşüncəyə çıxışının təmin edilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib. Ümumilikdə, 14 ölkədən 28 natiqin iştirak etdiyi tədbirdə sosial media və süni intellektəsaslı filtrlərin formalaşdırdığı gözəllik anlayışı, eləcə də qadınların üzləşdiyi estetik təzyiqlər diqqət mərkəzində olub.Qeyd edək ki, sabah nazirlər və nümayəndə heyətlərinin iştirakı ilə mədəni proqramın keçirilməsi nəzərdə tutulub. Günel Karatepe AZƏRTAC-ın xüsusi müxbiri İstanbul