Bakı, 21 noyabr, AZƏRTAC ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun (CSTİ), PHŞ Həmkarlar İttifaqının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşəbbüsü ilə “Libraff Park” Akademiyada uşaqların hüquqlarının qorunmasına həsr olunmuş maarifləndirici tədbir keçirilib.Komitədən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən CSTİ-nin əməkdaşı Gülnarə Hüseynova uşaqların hüquqlarının müdafiəsinin əhəmiyyətindən geniş bəhs edib. O, uşaqların gələcək təhsil və fəaliyyətlərində uğur qazanmaları üçün mütaliənin mühüm rolunu vurğulayaraq, onları kiçik yaşlarından kitab oxumağa, mütaliə vərdişlərini inkişaf etdirməyə çağırıb.Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov uşaqların hüquqlarının qorunması, onların maarifləndirilməsi, eləcə də bu kimi görüşlərin və nağıl saatlarının təşkilinin əhəmiyyəti barədə ətraflı məlumat verib.Tədbirin fəxri qonağı, Əməkdar mədəniyyət işçisi, animasiya rejissoru və Prezident təqaüdçüsü Elçin Hami Axundov yeni nəşr olunmuş nağıl kitabını uşaqlara təqdim edib. Görüş zamanı uşaqlar müəllifin ifasında nağılı dinləyib, daha sonra animasiya filmini izləyiblər.İnteraktiv formatda davam edən tədbirdə uşaqlar üçün maraqlı viktorina təşkil olunub. Viktorinanın qaliblərinə, eləcə də bütün iştirakçılara CSTİ HİT-nin sədri Gülnarə Aslanova tərəfindən kitablar hədiyyə edilib.