YAP-ın təsis edilməsi xalqımızın gələcəyi ilə bağlı mühüm tarixi qərar idi

1990-cı illərin əvvəllərini təbii olaraq Azərbaycanın müasir tarixinin ən ağır dövrü kimi xarakterizə edirik. Dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz Ermənistanın hərbi təcavüzü, dərin siyasi və iqtisadi böhran, hakimiyyət uğrunda mübarizə və daxili qarşıdurmalarla üzləşmişdi. Mərkəzi hakimiyyətin zəifliyi, dövlət idarəçiliyində yaranmış ciddi problemlər, iqtisadi əlaqələrin pozulması və ictimai-siyasi sabitliyin olmaması Azərbaycanın müstəqilliyini ciddi təhlükə qarşısında qoymuşdu. Torpaqlarımızın işğalı, əhalinin sosial vəziyyətinin ağırlaşması və ölkədə silahlı qarşıdurma riskinin artması dövlətin gələcəyi ilə bağlı narahatlıqları daha da gücləndirirdi. Belə bir şəraitdə Azərbaycanın müstəqilliyini qorumaq, ölkədə sabitliyi təmin etmək və dövlət idarəçiliyini möhkəmləndirmək başlıca vəzifə idi.

YAP-ın təsis edilməsi: Ulu Öndərin zəngin dövlətçilik təcrübəsinə olan böyük etimadın ifadəsi

Məhz belə bir ağır dövrdə Azərbaycanın taleyinə biganə qalmayan ziyalılar və ictimai-siyasi xadimlər ölkənin düşdüyü ağır vəziyyətdən çıxış yolunu Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsində və siyasi liderliyində görürdülər. 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış ziyalının Ulu Öndərə müraciəti cəmiyyətdə yaranmış narahatlığın və dəyişikliklərə olan ehtiyacın ifadəsi idi. Tariximizə “91-lər”in müraciəti kimi daxil olmuş bu təşəbbüsdə Ulu Öndər Heydər Əliyevdən yeni siyasi partiyanın yaradılmasına rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndər müraciətə müsbət cavab verərək demokratik və siyasi plüralizm şəraitində belə bir partiyanın yaradılmasını obyektiv zərurət kimi qiymətləndirdi və onun müstəqil dövlətimizin möhkəmləndirilməsində mühüm rol oynaya biləcəyini bildirdi.

1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransı bu təşəbbüsün həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Ölkənin müxtəlif bölgələrini təmsil edən 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə keçirilən konfransda partiyanın yaradılması haqqında qərar qəbul olundu, Nizamnaməsi və Proqramı təsdiqləndi, Ümummilli Lider Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Bununla da Azərbaycanın siyasi həyatında müstəqil dövlətçiliyin qorunmasını, milli maraqların müdafiəsini və ölkənin inkişafını əsas məqsədləri kimi müəyyənləşdirən yeni siyasi təşkilat fəaliyyətə başladı. YAP qısa müddətdə ölkənin müxtəlif bölgələrində təşkilatlanaraq geniş ictimai-siyasi fəaliyyət göstərməyə başladı.

Tarixi xilaskarlıq missiyası: siyasi sabitlikdən iqtisadi tərəqqiyə

Təbii ki, Yeni Azərbaycan Partiyasının yaranmasının əhəmiyyətini dəyərləndirərkən həmin dövrün siyasi şəraitini nəzərə almaq vacibdir. Bu təşəbbüs dövlət müstəqilliyinin qorunması, milli birliyin möhkəmləndirilməsi və ölkənin gələcək inkişafı ilə bağlı konkret siyasi məqsədləri əhatə edirdi. Partiyanın yaradılmasından bir neçə ay sonra, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ulu Öndərin hakimiyyətə qayıdışı ölkədə siyasi sabitliyin bərpası və dövlət idarəçiliyinin möhkəmləndirilməsi üçün əsaslı tədbirlərin həyata keçirilməsinə şərait yaratdı.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində dövlətçiliyimizə qarşı yaranmış ciddi təhlükələrin qarşısının alınması, ictimai-siyasi sabitliyin təmin edilməsi və iqtisadi böhranın aradan qaldırılması istiqamətində mühüm addımlar atıldı. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi inkişafı üçün geniş imkanlar yaratdı, xarici sərmayələrin cəlb olunmasına və ölkəmizin beynəlxalq enerji bazarlarındakı mövqeyinin güclənməsinə təkan verdi. 1995-ci ildə ilk milli Konstitusiyamızın qəbul edilməsi isə müstəqil dövlət quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirdi. Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində Azərbaycanın siyasi və iqtisadi sabitliyi möhkəmləndirildi, dövlət institutlarının fəaliyyəti gücləndirildi və ölkəmizin beynəlxalq əlaqələri genişləndirildi.

Müdrikliklə müəyyənləşdirilən siyasi kurs: tarixi zəfərlərə aparan şərəfli yol

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs 2003-cü ildən sonra da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğunlaşdırılmaqla uğurla davam etdirilir. Ötən illər ərzində Azərbaycanın iqtisadi qüdrəti artırılıb, müasir infrastruktur yaradılıb, sosial müdafiə sistemi təkmilləşdirilib, ölkəmizin beynəlxalq mövqeləri möhkəmləndirilib. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən böyük enerji və nəqliyyat layihələri ölkəmizin iqtisadi imkanlarını genişləndirməklə yanaşı, regional və beynəlxalq əməkdaşlığın inkişafına da mühüm töhfələr verib. Eyni zamanda, ordu quruculuğuna ayrılan xüsusi diqqət Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılmasını və müasir hərbi texnika ilə təchiz edilməsini təmin edib. Bütün bunlar Azərbaycanın qarşıya qoyduğu strateji məqsədlərə nail olması üçün möhkəm siyasi, iqtisadi və hərbi əsaslar yaradıb.

Bu siyasətin ən mühüm nəticələrindən biri 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın sarsılmaz birliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edildi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə isə ölkəmizin suverenliyi tam bərpa olundu. Bununla Azərbaycan xalqının uzun illər ərzində qarşıya qoyduğu ən mühüm milli məqsədlərdən biri reallaşdı. Tarixi Zəfərimiz və suverenliyimizin tam bərpası Azərbaycanın güclü dövlət quruculuğu siyasətinin, iqtisadi və hərbi potensialının, eləcə də milli həmrəyliyinin nəticəsidir.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri də Azərbaycanın inkişaf imkanlarını nümayiş etdirir. İşğaldan azad edilmiş şəhər və kəndlərimiz yenidən qurulur, müasir infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Böyük Qayıdışın həyata keçirilməsi hərbi sahədə əldə olunmuş Qələbənin sosial-iqtisadi inkişafla davam etdirilməsinə xidmət edir. Bu proses dövlətimizin iqtisadi qüdrətini, qarşıya qoyulan məqsədlərə nail olmaq imkanlarını və vətəndaşların rifahına verilən önəmi göstərir.

YAP: Qüdrətli Azərbaycanın ümumxalq partiyası

Yeni Azərbaycan Partiyası da ötən illər ərzində ölkənin ictimai-siyasi həyatında fəal iştirakını davam etdirib. Prezident İlham Əliyevin sədrliyi ilə YAP-ın təşkilati fəaliyyəti genişlənib, müasir siyasi və ictimai tələblərə uyğun islahatlar aparılıb. 2021-ci ildə keçirilmiş VII qurultayda partiyanın idarəetmə strukturu yenilənib, fəaliyyətinin əsas istiqamətləri müəyyənləşdirilib. YAP-ın Proqramında Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, sosial ədalət, insan kapitalının inkişafı və milli maraqların qorunması əsas siyasi dəyərlər kimi təsbit olunub. Güclü iqtisadiyyatın qurulması, ordu quruculuğu və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış da partiyanın strateji hədəfləri sırasında yer alır.

2026-cı il oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII qurultayı ölkəmizin dövlət suverenliyinin tam bərpasından sonra təşkil olunan ilk qurultay olması ilə xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev qurultaydakı çıxışında partiyanın keçdiyi inkişaf yolunu, Azərbaycanın əldə etdiyi tarixi nailiyyətləri və qarşıda duran vəzifələri geniş təhlil etdi. Dövlətimizin başçısının vurğuladığı kimi, ötən illər ərzində əldə olunan uğurlarda YAP fəallarının da mühüm payı var. Qurultayda qəbul edilən qərarlar partiyanın təşkilati fəaliyyətinin təkmilləşdirilməsinə, siyasi proseslərdə iştirakının gücləndirilməsinə və qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə yönəlib.

Yeni Azərbaycan Partiyasının 1992-ci il noyabrın 21-də keçirilmiş təsis konfransından ötən 34 il ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Müstəqilliyinin ilk illərində ağır siyasi və iqtisadi böhranla üzləşən ölkəmiz bu gün güclü iqtisadiyyata, müasir orduya və geniş beynəlxalq tərəfdaşlıq əlaqələrinə malikdir. Əlbəttə ki, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri bu inkişafın ən mühüm nəticələrindəndir.

Şahin İsmayılov

Milli Məclisin Gənclər və idman komitəsinin sədri