Bakı, 20 noyabr, AZƏRTAC Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili Ofisinin (IAU OAE) təşkilatçılığı ilə keçirilən 2026-cı il Astronomiya Təhsili üzrə Beynəlxalq Konfrans çərçivəsində “Sinif otağında astronomiya: türk xalqlarında tədris təcrübələri” adlı Türk dilləri sessiyası təşkil olunub. Sessiya Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının təşkilatçılığı ilə keçirilib. Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, tədbirin əsas məqsədi türk dövlətlərində astronomiya təhsilinin mövcud vəziyyətini və tədris təcrübələrini müzakirə etmək, astronomik terminologiyanın milli dillərdə formalaşdırılması ilə bağlı məsələlərə diqqət çəkmək, habelə bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək olub. Sessiyanın açılışında Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru professor Nəriman İsmayılov “Ortaq səma altında, doğma dillərimizdə elmə doğru” mövzusunda məruzə ilə çıxış edib. Müasir dövrdə astronomiya təhsilinin ana dillərində tədrisinin əhəmiyyətini vurğulayan məruzəçi elmi terminologiyanın inkişafını, türk dillərində tədris resurslarının hazırlanmasını və təcrübə mübadiləsinin genişləndirilməsini prioritetlər kimi qeyd edib. Professor, həmçinin Şamaxı Astrofizika Rəsədxanasının elmi-tədqiqat və astronomiyanın populyarlaşdırılması istiqamətindəki fəaliyyətindən bəhs edib. Çıxışda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan arasında astronomiya təhsili və elmi maarifləndirmə sahəsində birgə layihələrin həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Sessiyanın birinci hissəsində Azərbaycan, Türkiyə və Qazaxıstandan olan alimlər astronomiya elmi və təhsili ilə bağlı fikir və təcrübələrini videoformatda təqdim ediblər. Bu hissədə Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru professor Nəriman İsmayılov, Van Yüzüncü İl Universitetinin dosenti, astrofizik, elmi kommunikasiya mütəxəssisi və yazıçı Selçuk Topal, V.Q.Fesenkov adına Astrofizika İnstitutunun aparıcı elmi işçisi və Abay adına Qazaxıstan Milli Pedaqoji Universitetinin baş müəllimi Saule Şomşekova, həmin universitetin dosenti Diana Nasirova çıxış ediblər. Məruzələrdə astronomiyanın müasir cəmiyyətdəki əhəmiyyəti, elmi dünyagörüşünün formalaşmasındakı rolu, məktəb və ali təhsil pillələrində tədrisinin vacibliyi, türk xalqlarının ortaq astronomik irsi və gələcək elmi əməkdaşlıq imkanları ətrafında maraqlı fikirlər səsləndirilib. Sessiyanın ikinci hissəsi pedaqoji təcrübəyə həsr olunub və beş müəllimin real dərs videoları nümayiş etdirilib. Videolar “Ali təhsil səviyyəsində astronomiya tədrisi”, “Müasir astronomiyanın əsasları: Ulduzlar, dəyişən ulduzlar və simbiotik ulduzlar”, “Sürət və təcil dəyişməsi arasındakı əlaqə”, “Başqa planetdə həyat: Orada yaşasaydım, necə olardı?”, “Planetlər və kosmos: Fizika, Computing və STEAM inteqrasiyası” mövzularına həsr edilib. Elmi və pedaqoji təcrübənin bir araya gətirildiyi sessiya Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili Ofisinin (IAU OAE) Azərbaycan üzrə Milli Astronomiya Təhsili Koordinatoru (NAEC) Aynurə Həsənovanın rəhbərliyi, Rəsədxananın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Samirə Baxşiyevanın həmrəhbərliyi və tərcümə dəstəyi ilə həyata keçirilib.