Bakı, 20 noyabr, AZƏRTAC Elm və Təhsil Nazirliyi tərəfindən hər il tabeliyindəki təhsil müəssisələrində, eləcə də peşə, orta ixtisas və ali təhsil pillələri üzrə tələbə qəbulunun nəticələri müzakirə olunur. Bu müzakirələr növbəti tədris ili üçün qəbul planının hazırlanması və təhsil müəssisələrinin qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır. AZƏRTAC xəbər verir ki, bunu “2026-2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu nəticələri”nin müzakirəsinə həsr olunan tədbirdə jurnalistlərə açıqlamasında Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman deyib. O bildirib ki, hazırda ölkənin orta ixtisas təhsili müəssisələrinin rəhbər heyəti üçün tələbə qəbulunun nəticələri və növbəti il üzrə planlaşdırma məsələlərinə həsr olunan təlim keçirilir.Tədbirin əsas məqsədi 2026–2027-ci tədris ili üzrə tələbə qəbulunun nəticələrini ətraflı müzakirə etmək, əldə olunan göstəriciləri təhlil etmək və növbəti tədris ili üçün qəbul planının hazırlanmasında düzgün istiqamətləri müəyyənləşdirməkdir.Şöbə müdiri qeyd edib ki, müzakirələr zamanı qəbul nəticələrinin təhlili ilə yanaşı, növbəti illər üçün təhsil müəssisələrinin fəaliyyətinin planlaşdırılması, mövcud imkanların qiymətləndirilməsi və qarşıda duran hədəflərin müəyyənləşdirilməsi də diqqət mərkəzindədir.Onun sözlərinə görə, tədbirdə “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası nəticələrinin müzakirəsi də nəzərdə tutulub. Eyni zamanda, qarşıdakı illər üçün müəyyənləşdirilən istiqamətlər üzrə birgə fəaliyyət prioritetlərinin formalaşdırılması və təhsil müəssisələri arasında koordinasiyanın gücləndirilməsi məqsədi daşıyır.Turxan Süleyman vurğulayıb ki, bu cür görüşlər təhsil müəssisələrinin rəhbər heyətinin iştirakı ilə mövcud vəziyyətin qiymətləndirilməsi, təcrübə mübadiləsi və növbəti dövr üçün daha məqsədyönlü planlaşdırmanın aparılması baxımından vacibdir. Müxbir - Tünzalə Arazlı Fotoqraf - Nicat Haşımov