“Dünya ən kəskin risk dövrlərindən birini yaşayır”

Son günlər dünyada geosiyasi gərginliyin artması, mümkün hərbi qarşıdurmalar və bir sıra ölkələrin əhalini fövqəladə vəziyyətlərə hazır olmağa çağırması qlobal təhlükəsizliklə bağlı narahatlıqları artırıb. Avropa dövlətlərinin mülki əhalinin hazırlığı istiqamətində atdığı addımlar daha genişmiqyaslı qarşıdurma ehtimalı ilə bağlı müzakirələri gündəmə gətirib.

Məsələ ilə bağlı Metbuat.az-ın sualını cavablandıran siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, dünyada müharibə riski əvvəlki illərlə müqayisədə yüksəlib. Onun sözlərinə görə, 2026-cı il BMT-nin Qlobal Risk hesabatında bu risk 2024-cü illə müqayisədə 16 pillə artıb və dünya ən kəskin risk dövrlərindən birini yaşayır:

“Real təhdidlər əslində həmişə var. Amma indi bu risklərin artmasının müəyyən səbəbləri mövcuddur. Rusiya-Ukrayna müharibəsi, Tayvan boğazında gərginliyin kəskinləşməsi və hibrid müharibələr bu vəziyyətə təsir edən əsas amillərdəndir. Xarici Əlaqələr Şurası da İkinci Dünya müharibəsindən sonra münaqişələrin sayının ən yüksək həddə çatdığını bildirir”.

Əziz Əlibəyli hesab edir ki, ayrı-ayrı dövlətlərin vətəndaşlarını mümkün böhranlara hazırlamağa başlaması təsadüfi deyil. Onun sözlərinə görə, Avropa Komissiyası hələ 2025-ci ildə hazırlıq strategiyası qəbul edib:

“Avropa Komissiyası 2025-ci ildə hazırlıq strategiyası qəbul edib ki, vətəndaşlar ən azı 72 saat ərzində özlərini təmin edə bilsinlər. NATO da 2026-cı ildə mülki dayanıqlılıq üçün baza tələbləri qəbul edib. Buraya kütləvi itkilər, evakuasiya, enerji, qida və rabitə sahələrində hazırlıq daxildir. Britaniyada da ‘Be Ready’ kampaniyası həyata keçirilir. Orada insanlara 72 saatlıq, hətta bir həftəyədək özlərini təmin edə biləcək ehtiyatlar saxlamaq tövsiyə olunur”.

Siyasi şərhçi mümkün genişmiqyaslı qarşıdurmanın qaçılmaz olmadığını, lakin yanlış hesablamaların vəziyyəti daha da gərginləşdirə biləcəyini vurğulayıb:

“Böyük müharibə qaçılmaz deyil. Bu risk daha çox yanlış hesablamalar nəticəsində yarana bilər. Hazırda hava məkanı insidentləri artır. NATO qırıcıları havaya qaldırılır, Estoniya, Polşa və Kalininqrad istiqamətində belə hadisələr yaşanır”.

Ə.Əlibəyli qlobal gərginliyin Azərbaycana mümkün təsirlərinə də toxunub. O bildirib ki, ölkəmiz qarşıdurmanın birbaşa mərkəzində olmasa da, beynəlxalq proseslərin yaratdığı problemlərdən təsirlənə bilər.

“Azərbaycan bu proseslərin mərkəzində deyil. Amma logistika, kommunikasiya və qlobal enerji problemləri bizə də təsir göstərə bilər. Ona görə də dövlətlərin əhalini hazırlıqlı olmağa çağırması faydalıdır. İnsanların evində müəyyən qədər nağd pul, dərman, qida və su ehtiyatı saxlaması vacibdir”, - siyasi şərhçi qeyd edib.