Azərbaycanda 2026-cı ilin yanvar-oktyabr aylarında metal filizlərinin hasilatı sahəsində istehsalın dəyəri 1 milyard 13.9 milyon manat təşkil edib. Bu sahədə istehsal əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 54.6% artıb.
Bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-oktyabr aylarının sosial-iqtisadi göstəricilərinə dair hesabatında bildirilir.
Hesabat dövründə Azərbaycanda 15 998.7 ton mis konsentratı istehsal edilib. Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4.8 dəfə çoxdur. Noyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 930.6 ton hazır mis konsentratı ehtiyatı qalıb.
Yanvar-oktyabr aylarında ölkədə qızıl hasilatı da artıb. Hesabat dövründə 2 763.6 kiloqram qızıl istehsal olunub ki, bu da illik müqayisədə 6.6% artım deməkdir. Noyabrın 1-nə müəssisələrin anbarlarında olan hazır qızıl ehtiyatı 419.2 kiloqram təşkil edib.
Gümüş hasilatı isə əvvəlki ilin eyni dövrünə yaxın səviyyədə qalıb. On ayda 3 221.3 kiloqram gümüş istehsal edilib. İllik artım 0.1% olub. Hesabat dövrünün sonunda sənaye müəssisələrinin anbarlarında 786 kiloqram gümüş ehtiyatı mövcud olub.
Bununla yanaşı, mədənçıxarma sənayesinə göstərilən xidmətlərin dəyəri 2 milyard 740.5 milyon manata çatıb. Bu sahədə istehsal və xidmətlərin həcmi sabit qiymətlərlə əvvəlki ilin müvafiq dövrünə nisbətən 27% artıb.
Ümumilikdə, 2026-cı ilin yanvar-oktyabr aylarında mədənçıxarma sənayesində 36 milyard 84.4 milyon manatlıq məhsul istehsal edilib. Sahə üzrə ümumi istehsal real ifadədə 1.3% azalıb. Mədənçıxarma sənayesinin əsas hissəsini təşkil edən xam neft və təbii qaz hasilatının dəyəri 32 milyard 151.6 milyon manat olub və bu istiqamətdə istehsal illik müqayisədə 2.9% geriləyib.
Mədənçıxarma sənayesinin digər sahələrində isə 178.4 milyon manatlıq məhsul istehsal olunub. Bu istiqamətdə real istehsal həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 14.9% azalıb.