İnsan yatarkən beyin xüsusi təmizləmə mexanizmini işə salır. Bu sistem zərərli tullantıları və neyrodegenerativ xəstəliklərlə əlaqəli zülalları xaric edir. Lakin bəzi gündəlik vərdişlər bu prosesi poza bilər.
"Psychology Today" nəşrinə istinadən, söhbət beynin qlimfatik sistemindən gedir. Bu sistem xüsusilə dərin yuxu zamanı aktivləşərək onurğa beyni mayesinin köməyi ilə tullantı maddələrin xaric edilməsinə yardım edir.
Alimlərin fikrincə, yuxunun pozulması bu mexanizmin fəaliyyətini zəiflədə və beta-amiloid, tau kimi zülalların beyində toplanmasına şərait yarada bilər. Bu zülallar Alzheimer və digər neyrodegenerativ xəstəliklərlə əlaqələndirilir.
Tədqiqatlarda diqqət çəkən əsas amillərdən biri spirtli içkilərdir. Araşdırmalara görə, alkoqol onurğa beyni mayesinin axınını zəiflədərək beynin təmizlənmə prosesinə mane ola bilər. Xroniki istifadə isə bu sistemin fəaliyyətinə əlavə zərər verə bilər.
Beyin sağlamlığını dəstəkləmək üçün mütəxəssislər keyfiyyətli yuxu, müntəzəm fiziki fəaliyyət, düzgün qidalanma, kifayət qədər maye qəbulu və stressin azaldılmasını tövsiyə edirlər.
Məqalədə həmçinin qeyd olunur ki, opioidlər kimi bəzi dərman və maddələrin uzunmüddətli istifadəsi də qlimfatik sistemin fəaliyyətini zəiflədə bilər.