Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Çin səfəri zamanı Vladimir Putini müşayiət edən "nüvə çamadanı"nın mediada geniş müzakirə olunmasına münasibət bildirib.
Peskovun sözlərinə görə, Putinin Çinə səfəri zamanı keçirilən tədbirlərdə jurnalistlərin diqqətini cəlb edən "nüvə çamadanı" əslində yeni bir hadisə deyil.
O bildirib ki, bu çamadanı yalnız Rusiya liderini ilk dəfə görən jurnalistlər diqqətçəkən xəbər mövzusuna çeviriblər.
“Görünür, "nüvə çamadanı" haqqında başlıqları Rusiya Prezidentini ilk dəfə görən jurnalistlər hazırlayıblar. "Nüvə çamadanı" onunla birlikdə bütün həyatı boyu uçuşlarda olur və indiyədək heç vaxt belə başlıqlara səbəb olmayıb. Yəqin ki, bunu təcrübəsiz jurnalistlərdən biri gündəmə gətirib”, – deyə Peskov bildirib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü sammitində iştirak edib.
O, sammit çərçivəsində Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüş də keçirib.
Bu səfər zamanı Putini müşayiət edən Rusiya nümayəndə heyəti "nüvə çamadanı" ilə görüntülənib.
İnternetdə yayılan görüntülərdə çamodanı hərbi zabitlərin daşıdığı görünür.
Məlumatlara görə, Putinin "nüvə çamadanı"nı Rusiya Hərbi Dəniz Qüvvələrinin zabiti daşıyır. Bu şəxs daim Rusiya liderinin yaxınlığında olur, lakin kameralara nadir hallarda düşür.
Rusiya təbliğat mediası yayılan görüntülərlə bağlı yazıb ki, Putinin səfərlərində onsuz keçinmədiyi müəyyən çamadanlar var.
Qeyd edilir ki, "nüvə çamadanı" dövlət başçısının nüvə silahından istifadə ilə bağlı qərarvermə və müvafiq əmrlərin ötürülməsi sisteminin mühüm elementlərindən biridir.
A.Qorxmaz