20 Noyabr – Ağdam şəhəri günü Azərbaycan tarixində mühüm siyasi və tarixi hadisənin ildönümü kimi qeyd olunur. Bu əlamətdar tarix xalqımızın ərazi bütövlüyü uğrunda apardığı uzunmüddətli mübarizənin və qazandığı tarixi Qələbənin təcəssümüdür. Qarabağın qədim şəhərlərindən biri olan Ağdam əsrlər boyu Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatında mühüm rol oynamışdır.
Şəhərin zəngin tarixi, arxeoloji abidələri və milli-mədəni irsi onun Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutduğunu göstərir. Lakin 1993-cü ildə Ermənistanın hərbi təcavüzü nəticəsində Ağdam ağır işğal və dağıntılara məruz qalmışdır. Şəhərin infrastrukturu məhv edilmiş, tarixi-mədəni abidələri talan olunmuş, minlərlə insan doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. Bu faciə Azərbaycanın milli yaddaşında dərin iz buraxsa da, xalqımız doğma torpaqlarına qayıdacağına inamını qoruyub saxlamışdır. Uzun illər beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icra olunmaması münaqişənin sülh yolu ilə həllinə mane olan əsas amillərdən biri idi. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi də Ermənistan silahlı qüvvələrinin Ağdamdan çıxarılmasını tələb edirdi. Lakin beynəlxalq hüququn tələblərinə əməl edilməməsi nəticəsində Azərbaycan öz suveren hüquqlarını təmin etmək üçün ciddi siyasi və hərbi mübarizə aparmalı oldu. 2020-ci ildə Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcını qoydu. Həmin il noyabrın 20-də Ağdam rayonunun işğal altında olan ərazilərinin Azərbaycana qaytarılması tarixi ədalətin bərpası istiqamətində mühüm hadisə oldu. Bu nəticə Azərbaycan dövlətinin qətiyyətli siyasətinin və xalqımızın sarsılmaz birliyinin təntənəsi idi. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Ağdamın bərpası və yenidən qurulması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Şəhərin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş Plan əsasında genişmiqyaslı quruculuq işlərinə başlanıldı. Yeni yaşayış kompleksləri, yollar, sosial obyektlər və müasir infrastruktur layihələri Ağdamın gələcək inkişafının möhkəm təməlini formalaşdırır. Ağdam Sənaye Parkının yaradılması bölgənin iqtisadi potensialının reallaşdırılmasına və yeni iş yerlərinin açılmasına mühüm töhfə verir.
Eyni zamanda, tarixi abidələrin bərpası və Muğam Mərkəzinin istifadəyə verilməsi şəhərin mədəni həyatının yenidən canlanmasını təmin edir. Böyük Qayıdış proqramı çərçivəsində sakinlərin doğma yurdlarına köçürülməsi isə bu quruculuq prosesinin ən mühüm sosial nəticəsidir. Ağdamın dirçəlişi Azərbaycanın yalnız dağıdılmış şəhəri bərpa etmədiyini, həm də gələcəyə hesablanmış yeni inkişaf modeli yaratdığını nümayiş etdirir. Bu baxımdan 20 Noyabr tarixi dövlətimizin gücünün, milli iradəmizin və tarixi ədalətin təntənəsinin rəmzi olaraq daim yaşayacaqdır.