Bakı, 20 noyabr, AZƏRTAC Ağdam Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və böyük strateji əhəmiyyətə malik şəhərlərindən biridir. Adının etimologiyası ilə bağlı müxtəlif yanaşmalar mövcud olsa da, qədim dövrlərdən insanların məskunlaşdığı bu ərazi öz zəngin arxeoloji irsi ilə Qarabağın ən qədim mədəniyyət mərkəzlərindən biri hesab olunur. Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə söyləyibO bildirib ki, 1930-cu ildə rayon statusu alan Ağdam uzun illər Azərbaycanın iqtisadi, mədəni və ictimai həyatında mühüm rol oynayıb. Lakin 1993-cü il iyulun 23-də şəhərin və rayon ərazisinin böyük hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi Ağdamın tarixində ən faciəli səhifələrdən birinə çevrildi. Uuzun müddət davam edən döyüşlər, minlərlə şəhid və yaralı, 128 min insanın doğma yurd-yuvasından didərgin düşməsi xalqımıza ağır itkilər yaşatdı. İşğal nəticəsində şəhərin tarixi-mədəni irsi, yaşayış məntəqələri, sosial və iqtisadi infrastrukturu dağıdıldı, talan edildi. Bir zamanlar inkişaf edən, həyat qaynayan Ağdam xarabalığa - “Qafqazın Xirosiması”na çevrildi.“Ermənistanın işğalına baxmayaraq, Azərbaycan dövləti və xalqı Ağdamın azad olunacağına və yenidən qurulacağına inamını itirmədi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 853 saylı qətnamədə işğalçı qüvvələrin Ağdam və digər işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunsa da, bu qərarın icrası uzun illər təmin edilmədi. Nəhayət, 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat nəticəsində noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nailiyyət oldu.Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ağdamda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Şəhərin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş planın təsdiq edilməsi Ağdamın gələcək inkişafı üçün strateji yol xəritəsinə çevrildi. Müasir şəhərsalma prinsipləri əsasında salınan yeni Ağdamda yaşayış məhəllələri, sosial obyektlər, yollar, parklar və istehsal müəssisələri inşa edilir. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində yaşayışın bərpası, digər kəndlərdə tikinti işlərinin davam etdirilməsi Böyük Qayıdış proqramının uğurla həyata keçirildiyini göstərir.Ağdamın iqtisadi dirçəlişində Sənaye Parkının xüsusi əhəmiyyəti var. Burada yaradılan istehsal müəssisələri yeni iş yerlərinin açılmasına, sahibkarlığın inkişafına və regionun iqtisadi potensialının reallaşdırılmasına xidmət edir. Eyni zamanda, 2025-ci il mayın 10-da açılışı olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, Muğam Mərkəzi şəhərin nəqliyyat və mədəni həyatına yeni nəfəs verib. Müasir hotel komplekslərinin fəaliyyətə başlaması isə Ağdamın turizm potensialının inkişafına mühüm töhfədir”, - deyə Ə.Məhərrəmzadə vurğulayıb. Deputat əlavə edib ki, bu gün Ağdamda aparılan quruculuq işləri yalnız dağıdılmış binaların və infrastrukturun bərpası deyil, həm də tarixi ədalətin təntənəsi, milli iradənin və dövlət gücünün nümayişidir. 2026-cı ilin noyabrına olan məlumata görə, Ağdam şəhəri və bir sıra kəndlərdə ümumilikdə 2146 ailə, 8300 nəfər artıq doğma yurduna qayıdaraq məskunlaşıb. Bu rəqəmlər illərlə həsrətlə gözlənilən qayıdışın real nəticələridir.“Prezident İlham Əliyevin Sərəncamı ilə 20 noyabrın Ağdam Şəhəri Günü kimi təsis edilməsi bu əlamətdar tarixi hadisənin əhəmiyyətini daha da artırır. Ağdamın azad olunmasına görə medalla təltif edilən qəhrəman hərbçilərimizin şücaəti isə daim xalqımızın yaddaşında yaşayacaq.Əminliklə demək olar ki, Ağdam bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Xarabalıqlar üzərində müasir, gözəl və firavan şəhər qurulur. Ağdamın dirçəlişi Azərbaycanın gücünün, xalqımızın birliyinin, əzminin və sarsılmaz iradəsinin təcəssümüdür. Ağdam yenidən qurulur, həyat öz doğma axarına qayıdır. Bu şəhər təkcə keçmişin ağrılı xatirəsi deyil, həm də Zəfərimizin, ümidimizin və gələcəyə inamımızın parlaq rəmzidir”.