Ukraynanın taleyini həll edəcək danışıqlar: Masada iki ssenari var

Danışıqlar zamanı ABŞ Ukraynadakı münaqişəyə son qoymaq üçün iki variant irəli sürüb: Birincisi, cəbhə xəttində münaqişənin dondurulmasını, ikincisi isə Donbasın qalan hissəsinin NATO-ya tam üzvlük müqabilində Rusiyaya təhvil verilməsini nəzərdə tutur.

Bu barədə "Wall Street Journal" (WSJ) məlumat yayıb.

"Son bir neçə ay ərzində qapalı sülh danışıqlarında Prezident Trampın kürəkəni və xüsusi nümayəndəsi Cared Kuşner bir vaxtlar qeyri-məqbul hesab edilən bir ideyanı müzakirə edib: Ukrayna ərazisini Rusiyaya güzəştə gedərsə, NATO-ya üzv olsun", - nəşr yazıb.

Medianın məlumatına görə, münaqişənin dondurulması variantı Kiyevə ABŞ və bəlkə də Avropa müttəfiqləri ilə beynəlxalq müqavilə vasitəsilə təhlükəsizlik zəmanətlərinin verilməsini nəzərdə tutur.

Nəşr yazır ki, ABŞ-ın təklifləri son aylarda Avropa rəsmiləri ilə Kuşner və ABŞ prezidentinin digər xüsusi nümayəndəsi Stiv Vitkoff arasında aparılan söhbətlərdə müzakirə olunub. Kuşner həmçinin təşəbbüsü Dublin şəhərindəki hərbi aerodromda Ukrayna prezidenti Volodimir Zelenski və Avropa rəsmiləri ilə müzakirə edib. Medianın məlumatına görə, hərbi əməliyyatlara son qoymaq üçün hər iki variant 10-11 noyabr tarixlərində Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar zamanı da müzakirə edilib.

ABŞ rəsmisinin sözlərinə görə, amerikalı danışıqçılar münaqişənin həlli üçün bir çox müxtəlif variantları nəzərdən keçirirlər, lakin yekun razılaşma üçün Rusiya və Ukraynanın razılığı tələb olunur.

Nəşrin məlumatına görə, Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya Ukraynanın NATO-ya qoşulmaq istəyi ilə bağlı bəndin çıxarılmasını, eləcə də ittifaq ölkələrinin Ukraynaya qoşun göndərməməsi və ya Kiyevə silah verməməsi öhdəliyini tələb edib. Avropalı danışıqçılar bu tələbləri maksimalist hesab ediblər.

Noyabrın 14-də Ukrayna Prezidenti Volodiomir Zelenski bildirib ki, danışıqlar zamanı ABŞ Kiyevin NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan çıxarıb-çıxarmayacağı ilə maraqlanıb.