Süni intellekt müəllimlərin gündəlik iş yükünü azaldacaq

"Süni intellekt alətləri şagirdlər üçün də fərdi öyrənmə imkanları yaradır".

Bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Ayaz Abuşov IV “Maarifçi” tələbə-məzun forumunda təqdimatı zamanı deyib.

"Süni intellekt vasitəsilə müəllimlərin gündəlik rutin işlərinin bir hissəsi avtomatlaşdırılır. Bu isə onların şagirdlərlə daha çox vaxt keçirməsinə, bilik və bacarıqların inkişafına diqqət ayırmasına imkan yaradır".

A.Abushovun sözlərinə görə, bu texnologiyalar şagirdlərin suallarını cavablandırır, mövzular üzrə əlavə məlumat və tövsiyələr təqdim edir, bilik və bacarıqlarını inkişaf etdirmələrinə dəstək olur.

O qeyd edib ki, həmin alətlər müəllimlərə ev tapşırıqlarının yoxlanılması və analitik hesabatların hazırlanmasında da kömək edir.

İdarə rəisinin müavini vurğulayıb ki, dövlət müasir rəqəmsal infrastrukturu və süni intellekt alətlərini təhsil ictimaiyyətinin istifadəsinə təqdim edir. Lakin texnologiyadan səmərəli istifadə etmək vacibdir.

Onun sözlərinə görə, texnologiya nə qədər güclü olsa da, təhsildə motivasiyanı, dəyərləri və iradəni formalaşdıran insandır.