Alimlər müəyyən edib: Fizika qanunlarını anlamaq qabiliyyətimiz daxili qulağın fəaliyyətindən asılıdır

İnsan beyninin fiziki dünyanı qavraması yalnız görmə və məntiqi təfəkkürlə məhdudlaşmır. Yeni elmi araşdırma göstərib ki, daxili qulaqda yerləşən və bədənin tarazlığına cavabdeh olan vestibulyar sistem də fizika qanunlarını anlama prosesində mühüm rol oynayır.

London Universitetinin Birkbek kollecinin neyrobioloqları tərəfindən aparılan tədqiqatın nəticələri eLife elmi jurnalında dərc olunub.

Araşdırma çərçivəsində 44 könüllü Virtual Tools adlı interaktiv oyun toplusunda müxtəlif məntiqi tapşırıqları yerinə yetirib. İştirakçılar ekranda təqdim olunan alətlərdən birini seçərək onu elə yerləşdirməli idilər ki, fiziki hərəkət başladıqdan sonra obyektlər toqquşsun və qırmızı top yaşıl zonaya düşsün.

Təcrübə zamanı iştirakçıların qulaqlarının arxasındakı dəriyə təxminən 1 milliamper gücündə zəif elektrik impulsları ötürülüb. Bu üsul qalvanik vestibulyar stimulyasiya adlanır və daxili qulağın beyinə göndərdiyi siqnallara müdaxilə edərək onların müəyyən qədər pozulmasına səbəb olur. İştirakçılar əsasən yüngül başgicəllənmə hiss ediblər.

Nəticələr göstərib ki, vestibulyar siqnalların pozulması iştirakçıların tapşırıqları yerinə yetirmə göstəricilərini əhəmiyyətli dərəcədə aşağı salıb. Onlar daha çox səhvə yol verib, tapşırıqları həll etmək üçün əlavə cəhdlərə və vaxta ehtiyac duyub, eyni zamanda daha az effektiv strategiyalar seçiblər.

Maraqlıdır ki, bu təsir əsasən Yerdəki adi cazibə qüvvəsi şəraitində cisimlərin hərəkətini proqnozlaşdırmaq tələb olunan tapşırıqlarda müşahidə edilib.

41 nəfərin iştirak etdiyi ikinci təcrübədə isə eyni tapşırıqlar fərqli cazibə qüvvəsi şəraitində sınaqdan keçirilib. Bu zaman cazibə qüvvəsi Yerdəkindən iki dəfə zəif (0,5 g) və ya iki dəfə güclü (2 g) olub. Nəticədə vestibulyar stimulyasiyanın mənfi təsiri demək olar ki, aradan qalxıb.

Tədqiqatçılar hesab edirlər ki, əldə olunan nəticələr insan təfəkkürünün bədənlə sıx əlaqədə olduğunu göstərir. Başqa sözlə, beyin fiziki dünya haqqında mühakimə yürüdərkən təkcə abstrakt məntiqə deyil, həm də bədənin məkandakı mövqeyi və cazibə qüvvəsi barədə aldığı siqnallara əsaslanır.

Alimlərin fikrincə, bu nəticələr vestibulyar sistemin pozulmasının təkcə tarazlığa deyil, həm də idrak proseslərinə təsir göstərə biləcəyini deməyə əsas verir.

Araşdırmanın nəticələri kosmik uçuşlar baxımından da maraq doğurur. Belə ki, qalvanik vestibulyar stimulyasiya çəkisizlik şəraitində astronavtların yaşadığı məkan oriyentasiyası pozuntularına müəyyən mənada bənzəyir. Bu isə daxili qulaq və vestibulyar sistemdə baş verən dəyişikliklərin kosmonavtların fiziki hadisələri qavrama və qiymətləndirmə qabiliyyətinə də təsir göstərə biləcəyini düşündürür.

//Gülnarə Abasova, Editor.az