Ağdamı böyük inkişaf və coşqulu həyat gözləyir

“Noyabrın 20-də Ağdam rayonunun işğaldan azad edilməsinin altı ili tamam olur. Bu tarix, həm də “Ağdam Şəhəri Günü” kimi qeyd edilir. Zəfər tariximizin təntənəli şəkildə qeyd olunması artıq ənənə halını alıb”.

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Ağdam şəhəri Ermənistan tərəfindən 1993-cü ilin 23 iyulunda işğal edilmişdi. Rayon ərazisinin ümumilikdə 73 faizi işğal altına düşmüşdü. Belə ki, ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdu. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olub, minlərlə insan yaralanıb, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdı. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnamə qəbul edib. Sənəddə “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından da bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. Lakin Ermənistan tərəfi beynəlxalq qərarlara tabe olmaqdan yayındı.

Ermənistan işğal etdiyi digər ərazilərimiz kimi Ağdam rayonunda da misli görünməmiş vandalism aktı törədib. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Təsadüfi deyil ki, Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət edib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan 44 günlük müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi qan tökülmədən Azərbaycana təhvil verilib. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam Şəhəri Günü kimi müəyyən olub. Bundan başqa, 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medal təsis edilib.

Samir Vəliyev qeyd edib ki, Azərbaycan dövləti Ağdam rayonunun da bərpası istiqamətində mühüm işlər görür. Heydər Əliyev Fondu da rayonda məscidlərin və tarixi abidələrin bərpasında fəal iştirak edir. Prezident İlham Əliyev Ağdam işğaldan azad olunandan cəmi üç gün sonra – 23 noyabr 2020-ci ildə bu rayona səfər edib. Səfər zamanı dövlətimizin başçısı Ağdam şəhərində Dövlət Bayrağının ucaldıb, eləcə də ermənilər tərəfindən dağıdılmış Ağdam Cümə məscidini ziyarət edib: “Cənab Prezident altı il ərzində Ağdama dəfələrlə səfər edib və hər səfər zamanı rayonun bərpası ilə bağlı təməllər atıb, açılışlar edib. Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın cənnətə çevriləcəyi bəyan edib. Bu, həqiqətən də belədir. Azərbaycan xalqı hələ 28 may 2021-ci ildə Ağdam şəhərinin Baş planının təqdimatı zamanı buna bir daha buna əmin oldu. Cənab Prezident dedi ki, Ağdam şəhəri dünya üçün nümunə olacaq. Təqdimatdan göründüyü kimi, Ağdamı çox gözəl gələcək, böyük inkişaf, coşqulu həyat gözləyir. Bərpa və yenidənqurmadan sonra Ağdamın regionun sənaye mərkəzlərindən birinə çevriləcəyi gözlənilir. Ağdamda sənaye parkının yaradılması investisiyanın cəlb edilməsi baxımından da əhəmiyyətlidir. Bu, xüsusilə həmin ərazilərimizin potensialından sənaye müəssisələrinin istehsalı üçün istifadə imkanları deməkdir”.

Ağdamda “İşğal” və “Zəfər” muzeylərinin yaradılmasının da əhəmiyyətinə toxunan deputat əlavə edib ki, bu muzeylər yaşadığımız reallıqların gələcək nəsillərə, eləcə də, beynəlxalq ictimaiyyətə çatdırılması baxımından önəmlidir: “Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Ağdamı da tamamilə dağıdıb, viran edib. İşğal muzeyində məhz erməni vəhşiliyi öz əksini tapacaq. Ölkəmizə gələn xarici qonaqlar da bu kimi muzeylər vasitəsilə erməni vandalizminin şahidi olacaqlar. Zəfər muzeyi isə Vətən müharibəsindəki parlaq qələbəmizi tərənnüm edəcək”.

“Ağdam Baş Plan əsasında bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulub, bunlardan 2-nin açılışı olub, digərlərin isə təməli qoyulub. Kəngərli, Xıdırlı, Sarıcalı kəndlərinin birinci mərhələlərinin açılışı olub. Qiyaslı, Salahlı Kəngərli, Qərvənd, Tağıbəyli, Güllücə, Nəmirli, Şoltanlı, Eyvazxanbəyli kəndlərinin təməli atılıb. Bu ilin noyabr ayına olan məlumata əsasən, Ağdam şəhərində 1002 ailə olmaqla 3604 nəfər, Xıdırlı kəndində 659 ailə olmaqla 2621 nəfər, Kəngərli kəndində 292 ailə olmaqla 1261 nəfər, Sarıcalı kəndində 193 ailə olmaqla 814 nəfər, ümumilikdə isə 2146 ailə olmaqla 8300 nəfər məskunlaşıb. Hazırda bərpa-quruculuq işləri sürətlə davam etdirilir” – deyə, Samir Vəliyev vurğulayıb.