Azərbaycanda vergi ödəyicilərinin risk dərəcələrinə görə yoxlanılması nəzərdə tutulur.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini Elmir Qarayev Bakıda keçirilən "Dövlət-biznes əməkdaşlığı forumu"nda - "İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları" adlı panel müzakirəsində bildirib.
"Müəssisələrin yaradılması, vergi borclarının ödənilməsinin təxirə salınması ilə bağlı mexanizmlərin təkmilləşdirilməsi və xüsusilə az məbləğli borclar üzrə müvafiq dəstək alətlərinin avtomatik qaydada tətbiqi istiqamətində işlər aparırıq. Məqsədimiz odur ki, vergi borcunun yaranması və ödənilməsi heç kim üçün çətin bir prosesə çevrilməsin. Vergilərin hesablanması və ödənilməsi zərurəti yarandıqda dövlətin dəstək mexanizmləri maksimum dərəcədə sadə və prosedur baxımından əlçatan olmalıdır", - deyə o qeyd edib.
Vergi rəsmisi həmçinin deyib ki, məşğulluq kontekstində digər gözlənti qanunvericiliyə əməl olunması, xüsusilə də yeni iş yerlərinin yaradılmasının mütləq qaydada rəsmi məşğulluqla müşayiət edilməsidir: "Bu, ilk növbədə, biznes subyektlərinin özündə korporativ mədəniyyətin formalaşmasının əsas amillərindən biridir. Gözləntilərimizdən biri də budur ki, istənilən inkişaf və böyümə prosesi mütləq qaydada qanunvericiliyin tələblərinə uyğun şəkildə müşayiət olunmalıdır. Biz də öz tərəfimizdən inzibati nəzarət mexanizmlərini minimum səviyyədə saxlamaq üçün ödəyicilərin risk dərəcələrinə əsaslanan skorinq mexanizminin tətbiqini nəzərdə tuturuq. Bu mexanizm nəzarətin mümkün qədər selektiv aparılmasına imkan verməlidir ki, qanunvericiliyə əməl edən şəxslər inzibati tədbirlərə məruz qalmasınlar.
Gözləntimiz odur ki, təqdim olunan güzəştlərlə yanaşı, inzibati yükün də yüngülləşdirilməsi və prosedurların sadələşdirilməsi biznes subyektlərinin fəaliyyətini asanlaşdırsın. Eyni zamanda, biznes subyektləri də bu çağırışlara cavab verməli, təqdim olunan imkanlardan istifadə edərək qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Rəsmi məşğulluğun təmin edilməsi biznes subyektlərində korporativ mədəniyyətin ayrılmaz hissəsinə çevrilməlidir".