Xəzər dənizinin sahilboyu ərazilərində ictimai istifadə zonaları aparılacaq qiymətləndirmə və zonalaşdırma işlərindən sonra müəyyən ediləcək. Ərazilərin istifadəsi zamanı insanların təhlükəsizliyi, infrastrukturun vəziyyəti, ekoloji tələblər və göstərilən xidmətlərin keyfiyyəti nəzərə alınacaq.
Trend-ə istinadən, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Hüseyn Əliyev cümə axşamı Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, zonalaşdırma başa çatdıqdan və müvafiq ərazilər təsdiqləndikdən sonra hər bir vətəndaş həmin zonalarla bağlı açıq məlumat əldə edə biləcək.
H.Əliyev qeyd edib ki, sahilboyu ərazilərin səmərəli istifadəsi ilə yanaşı, onların infrastrukturunun da düzgün formalaşdırılması vacibdir. Bu baxımdan şəhərsalma prinsipləri, ictimai məkanların təşkili və xidmətlərin keyfiyyəti nəzərə alınacaq.
"Çalışacağıq ki, həmin ərazilər ictimaiyyət üçün kifayət qədər komfortlu, təmiz və keyfiyyətli olsun, orada göstərilən xidmətlər də sahibkarlar tərəfindən lazımi səviyyədə təmin edilsin", - deyə o bildirib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev isə həmin brifinqdə bildirib ki, sahilboyu ərazilərin ictimai istifadəyə yararlılığı qiymətləndiriləcək.
Onun sözlərinə görə, sahilboyu ərazilərin ictimai istifadəyə yararlılığı yalnız iqtisadi potensial baxımından deyil, həm də gündəlik xidmətlər, insanların təhlükəsizliyi və müvafiq infrastrukturun imkanları nəzərə alınmaqla qiymətləndirilməlidir.
İ.Həbiyev bildirib ki, bu prosesdə Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və su ehtiyatlarından istifadə ilə bağlı digər aidiyyəti qurumların rəyi və qiymətləndirməsi mühüm əhəmiyyət daşıyır.
O qeyd edib ki, Xəzəryanı ölkələrin təcrübəsi və sahil ərazilərinin mövcud vəziyyəti də nəzərə alınacaq. Məsələn, Qazaxıstanın Xəzər sahilində təxminən 2 000-2 200 kilometr uzunluğunda sahil xətti olsa da, onun nisbətən kiçik hissəsindən, əsasən, sənaye məqsədləri üçün istifadə olunur.
Şöbə müdiri vurğulayıb ki, Azərbaycanda sahilboyu ərazilərin həm iqtisadi, həm də ictimai istifadə baxımından potensialı qiymətləndirilməli, onların imkanlarından mümkün qədər səmərəli istifadə olunmalıdır.
"Bu gün dənizə hər yerdən daxil olmaq mümkün deyil. Elə ərazilər var ki, orada nə istirahət, nə də balıqçılıq mümkündür. Sıldırım qayalıqlar, bataqlıqlar və insan həyatı üçün təhlükəli sahələr mövcuddur. Buna görə də aidiyyəti dövlət qurumları ilə birlikdə həmin ərazilərin monitorinqini davam etdirməliyik", - deyə İ.Həbiyev bildirib.
Onun sözlərinə görə, məhz aparılacaq monitorinq və zonalaşdırma işləri nəticəsində hansı ərazilərin ictimai istifadəyə, istirahətə və digər fəaliyyətlərə yararlı olduğu müəyyənləşdiriləcək. Bu barədə ictimaiyyətə təqdimat da müvafiq qiymətləndirmələrdən sonra həyata keçiriləcək.