"Xəzər dənizində sahil xəttinin uzunluğu 753 kilometrdir".
Bunu Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev Xəzər dənizinin (gölünün) sahilboyu ərazilərinin idarə edilməsinin təkmilləşdirilməsi məsələsi ilə bağlı keçirilən brifinqdə bildirib.
“Düzdür, statistikada fərqli göstəricilər və ölçülər mövcuddur. Biz ümumilikdə 753 kilometr uzunluğunda ərazidə monitorinq apardıqdan sonra Bakı şəhərinin 11 rayonu üzrə, həmçinin digər rayonlar üzrə də təhlillər həyata keçirdik. Ümumilikdə, Bakı da daxil olmaqla, 18 rayon üzrə təhlillər aparılıb və ərazilər müəyyən edilib".
O qeyd edib ki, mövcud problemlərdən biri sahilboyu zolağımızın çirklənməsidir: “Bununla bağlı biz vətəndaş kimi tədqiqat və monitorinq aparmağa ehtiyac duymuruq. Çünki bu, gözümüzün qarşısında baş verir. Biz sıravi vətəndaş kimi özümüz də bu sahillərdə oluruq, istər ailə ilə, istərsə də digər məqsədlərlə bağlı müşahidələr aparırıq. Dövlət orqanı kimi apardığımız araşdırmalar zamanı da belə hallar aşkar olunub. Çirkab suların təmizlənmədən axarlara və dənizə buraxılması, müxtəlif müəssisələrdə tullantılarla bağlı problemlər mövcuddur. Təmizləyici qurğuların tam işlək vəziyyətdə olmaması da ciddi problemlərdəndir. Dəniz kənarında fəaliyyət göstərən obyektlər, istər dövlət təşkilatları, istərsə də ictimai iaşə müəssisələri təmizləyici qurğular tam işlək vəziyyətdə olmadan fəaliyyət göstərir və nəticədə çirkab sular Xəzərə axıdılır. Plansız tullantı sularının kollektorlara axıdılması da çox vacib məsələlərdən biridir. Ekoloji aspektə kompleks yanaşırıq. Yəni fərman bütövlükdə bir qurumun fəaliyyəti ilə bağlı deyil. Bəzən yanlış olaraq, hansısa hallarda, bəlkə də qərəzli, məlumatsızlıqdan qeyd edirlər ki, İqtisadiyyat Nazirliyinə bu səlahiyyət verildi. Söhbət heç bir səlahiyyətin verilməsindən getmir. Söhbət dövlət orqanlarının fəaliyyətinin gücləndirilməsindən gedir. Burada əlaqələndirici orqan olmalıdır. Məsələnin qoyuluşu daha çox bizim qurumla bağlı olduğuna görə əlaqələndirici qurum kimi bizim qurum müəyyən edilib. Biz çalışacağıq ki, bu prosesi koordinasiya şəklində, daha effektiv və verilmiş tapşırığa uyğun təşkil edək”.
O bildirib ki, məişət, çirkli və təhlükəli tullantıların qanunsuz atılması məsələsi də problemlərdən biridir: “Bütün tullantılar şəhərdən Xəzərə doğru hərəkət edir. İstər məişət tullantıları, istərsə də biznes fəaliyyəti ilə məşğul olanların tullantıları bu istiqamətdə hərəkət edir. Bununla bağlı xüsusi izahata ehtiyac yoxdur. Tullantıların müntəzəm daşınmaması və zərərsizləşdirilməməsi, torpaqların eroziyaya məruz qalması da digər problemlər sırasındadır. Bizim danışdığımız kimi, torpaqlar düzgün istifadə edilmədikdə çirklənir. Torpaq o zaman çirklənir ki, ondan düzgün istifadə olunmur, baxımsız vəziyyətdə qalır, bataqlığa çevrilir. Müxtəlif tullantıların atılması nəticəsində ərazilər yararsız vəziyyətə düşür”.