Azərbaycan İraqın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Mərkəzdə keçirilən “Azərbaycan və İraq türkmanları arasında ictimai münasibətlər: Reallıqlar və perspektivlər” mövzusunda konfransda çıxışı zamanı deyib.
“Biz İraqın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyirik və bu, Azərbaycanın xarici siyasətinin əsas xətlərindən biridir. Eyni zamanda, İraqda yaşayan türkmanların vəziyyəti ilə maraqlanır, onlara yardım göstərməyə çalışırıq”, – Fərid Şəfiyev vurğulayıb.
Mərkəz rəhbəri qeyd edib ki, onlara siyasi dəstək göstərilməsi İraqın daxili işlərinə qarışmaq anlamına gəlmir. Bunun əsas məqsədi onların yaşadıqları ölkənin qanunvericiliyi çərçivəsində bütün hüquqlarla təmin olunmasına dəstək verməkdir.
Fərid Şəfiyev əlavə edib ki, tarixi və etnik-mədəni bağlılıqların vurğulanması dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipini istisna etmir.
Onun sözlərinə görə, Azərbaycanla İraq türkmanları arasında əlaqələrin inkişafı, ilk növbədə, humanitar və ictimai münasibətlərin genişləndirilməsi kontekstində qiymətləndirilməlidir.
O, keçirilən konfransın iki xalq arasında tarixi-mədəni əlaqələrin daha dərindən araşdırılmasına və gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.