2015-ci ildə BMT-nin Hökumət Ekspertləri Qrupu dövlətlərin kiberməkanda məsuliyyətli davranışına dair 11 könüllü norma üzərində razılığa gəlib.
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini Həsən Mansurov "Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans Azərbaycan 2026: Süni intellekt dövründə güc və təsir" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bu dialoq bu il fəaliyyətə başlamış BMT-nin daimi Qlobal Mexanizmi çərçivəsində davam edir:
"Bakıda keçirilən Kiberdiplomatiya üzrə Beynəlxalq Konfranslar Azərbaycanın bu sahədə töhfə vermək potensialını nümayiş etdirir. Azərbaycan hazırlanmasında yaxından iştirak etdiyi BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını ratifikasiya etmiş ilk ölkələrdəndir.
Ölkəmiz kibertənzimləmə təşəbbüslərinin müəlliflərindəndir. Hazırda həm BMT-nin, həm də Avropa Şurasının kibercinayətkarlığa qarşı konvensiyalarını ratifikasiya etmiş yeganə dövlət Azərbaycandır.
Azərbaycanın körpü diplomatiyası təcrübəsi dünyada unikal istinad mənbəyinə çevrilib və bu, kiberdiplomatiyanı da əhatə edir".