Britaniya-Azərbaycan Ticarət Palatasının (BCCA) üzvlərinin və tərəfdaşlarının iştirakı ilə Azərbaycan və Böyük Britaniya arasında inkişaf edən tərəfdaşlığa həsr olunmuş netvorkinq tədbiri təşkil edib.
Görüş iki ölkə arasında münasibətləri strateji səviyyəyə yüksəldən Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbulundan sonraya təsadüf edib. Ticarət, investisiya, təhsil və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan bəyannamə tədbirdə aparılan müzakirələr üçün də mühüm zəmin yaradıb.
Tədbirin açılışında BCCA-in icraçı direktoru Zibər Hüseynova və İdarə Heyətinin sədri Elnarə Məmmədova çıxış edərək Palatanın bizneslər arasında əlaqələrin qurulması və üzv şirkətlərin dəstəklənməsi istiqamətində fəaliyyətindən danışıb.
Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri cənab Dunkan Norman yeni tərəfdaşlığın əhəmiyyəti barədə fikirlərini bölüşərək qeyd edib: "Böyük Britaniya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərimizdə yeni və mühüm mərhələnin başlanğıcıdır. Bu tərəfdaşlıq iqtisadi artım da daxil olmaqla, ortaq prioritetlərimiz üzrə əməkdaşlığı dərinləşdirmək üçün möhkəm zəmin yaradır. Bu hədəflərin hər iki ölkə üçün yeni iş yerlərinə və real faydaya çevrilməsində Britaniya və Azərbaycan şirkətlərinin rolu böyükdür. Britaniya-Azərbaycan Ticarət Palatası isə ticari əlaqələrin genişlənməsində və işgüzar dairələrimizin bir-birinə yaxınlaşmasında mühüm rol oynayır".
Palatanın ikitərəfli biznes əməkdaşlığındakı roluna toxunan E.Məmmədova çıxışında bildirib: "Bu ilin oktyabr ayında Bakıda keçirilən Hökumətlərarası Birgə Komissiyanın 8-ci iclasında BCCA-in Azərbaycan və Böyük Britaniya arasında biznes əməkdaşlığı üçün əsas platformalardan biri kimi qeyd olunması bizim üçün qürurvericidir. Bu etimadı doğruldaraq, iki ölkənin biznes ictimaiyyətini daha da yaxınlaşdırmaq istiqamətində fəaliyyətimizi davam etdirəcəyik".
Tədbir netvorkinq ilə davam edərək BCCA üzvləri və tərəfdaşları üçün yeni tanışlıqlar qurmaq, fikir mübadiləsi aparmaq və iki ölkə arasında münasibətlərin inkişafında biznesin rolunu müzakirə etmək imkanı yaradıb.
BCCA Böyük Britaniya ilə Azərbaycan arasında iqtisadi və işgüzar əlaqələrin, eləcə də qarşılıqlı investisiyaların inkişafına dəstək verən qeyri-kommersiya təşkilatıdır. Palata üzvlərinə şəbəkələşmə, təcrübə mübadiləsi və hər iki ölkədəki tərəfdaşlarla əlaqə imkanları yaradır.