Ziyafət Əsgərov: Kibertəhdidlər dövlətlərin təkbaşına qarşısını ala bilməyəcəyi qlobal xarakter daşıyır

"Bugünkü kiber təhdidlər artıq heç bir dövlətin təkbaşına qarşısını ala bilməyəcəyi qlobal xarakter daşıyır".

Bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov "Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans Azərbaycan 2026: Süni intellekt dövründə güc və təsir" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, istənilən dövlətin rəqəmsal sərhədlərinin təhlükəsizliyi əslində bütövlükdə qlobal təhlükəsizlik arxitekturasının ayrılmaz tərkib hissəsidir:

"Məhz bu reallıq yeni bir idarəetmə və əməkdaşlıq fəlsəfəsini kiber diplomatiyanı ön plana çıxarır. Ənənəvi diplomatiya əsrlər boyu dövlətlər arasındakı münasibətləri coğrafi sərhədlər və fiziki ərazi çərçivəsində tənzimlədiyi halda, kiber diplomatiya coğrafi sərhədləri aşan virtual məkanda etimad mühitinin yaradılmasını, normativ çərçivələrin formalaşdırılmasını və ortaq təhlükəsizlik standartlarının tətbiqini tələb edir. 2024-cü ildə ölkəmizdə təşkil olunmuş ilk kiber diplomatiya konfransı yalnız müzakirələr platforması ilə məhdudlaşmayyıb. Eyni zamanda praktik müstəvidə çox mühüm addımların atılmasına və kiber diplomatiya mərkəzinin treninq mərkəzinin yaradılması kimi strateji təşəbbüslərin irəli sürülməsinə vəsilə olub. Bu mərkəz regional və beynəlxalq səviyyədə birgə təcrübə mübadiləsinin aparılması, kiber məkanların artırılması və dövlətlərarası etimad mexanizmlərinin real müstəvidə qurulması üçün əvəzsiz bir təməl formalaşıb. Bugün keçirdiyimiz konfrans isə məhz həmin mərkəzin yaratdığı əməkdaşlıq ruhunun və qoyulmuş təməlin məntiqi davamı kimi çıxış edir. Azərbaycan rəqəmsal transformasiya proseslərini uğurla həyata keçirən, eyni zamanda milli informasiya məkanının qorunmasına strateji önəm verən dövlətlərdəndir".

Onun sözlərinə görə, Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən Birləşmiş Millətlər Təşkilatının məsuliyyətli dövlət davranışı qaydalarına sadiqliyini nümayiş etdirib:

"Biz kiber məkanın sülh, əməkdaşlıq və iqtisadi tərəqqi zonası olarak qalmasının tərəfdarıyıq. Bu gün Bakıda bir araya gələn diplomatlar, dövlət rəsmiləri və sahə ekspertləri ilə birgə əsas məqsədimiz rəqabət mühitinə çevrilən rəqəmsal məkanda diplomatiyanın sabitliyə, təhlükəsizliyə və qarşılıqlı etimada necə töhfə verə biləcəyinə dair vahid və ortaq bir baxış formalaşdırmaqdır. Hazırda parlament tərəfindən sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində mühüm işlər aparılır. Nəzərdə tutulan "Kiber Təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanununu demək istəyirəm. Belə ki, Azərbaycan Respublikası cari ilin fevralında Birləşmiş Millətlər Təşkilatının kibercinayətkarlığa qarşı konvensiyasını ratifikasiya edib. Konvensiya informasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlıdır.

Konvensiyanın ratifikasiya edilməsi ilə ölkənin kibercinayətkarlıqla mübarizə sahəsindəki beynəlxalq hüquqi çərçivəsi regional səviyyədən qlobal səviyyəyə yüksəlib. Eyni zamanda, cari il ərzində informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə qəbul edilib və həmin qanun Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilib".