İmamoğlu və daha 8 nəfərə həbs cəzası verildi

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci Qurultayı ilə bağlı məhkəmə prosesi yekunlaşıb. İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sədri Ekrem İmamoğlu da daxil olmaqla 9 nəfər barəsində azadlıqdan məhrumetmə hökmü çıxarılıb.

Ankara 26-cı Sülh Cinayət Məhkəməsi təqsirləndirilən şəxslərin hər birinə 2 il 1 ay həbs cəzası təyin edib.

Məhkəmənin qərarına əsasən, Ekrem İmamoğlu ilə yanaşı, Baki Aydöner, Erkan Aydın, Mehmet Kılınçarslan, Metin Gülerkaya, Nihat Yeşiltaş, Özgür Çelik, Rıza Akpolat və Serhat Can Eş də məhkum olunublar.

Cemil Tugay, Hüseyin Yaşar və Özgen Nama isə bəraət alıblar.

İmamoğlunun siyasi hüquqları məhdudlaşdırıla bilər

Məhkəmə məhkumlar barəsində Türkiyə Cinayət Məcəlləsinin 53-cü maddəsinin tətbiqinə də qərar verib. Hökm qanuni qüvvəyə minərsə, həmin şəxslər cəzanın icrası müddətində müəyyən siyasi hüquqlardan məhrum ediləcəklər.

İttihamların səbəbi nədir?

Cinayət işi CHP-nin 4-5 noyabr 2023-cü ildə keçirilmiş 38-ci Qurultayında baş verdiyi iddia olunan qanun pozuntuları ilə əlaqədardır.

İttiham aktında bildirilir ki, partiya rəhbərliyi uğrunda seçkilərdə Özgür Özelin qalib gəlməsini təmin etmək məqsədilə bəzi nümayəndələrə pul, bələdiyyələrdə vəzifə, iş imkanları və alış-veriş kartları təklif olunub.

Həmçinin nümayəndələrdən səsvermə bülletenlərinin fotolarını çəkərək müəyyən şəxslərə göndərmələrinin tələb edildiyi iddia olunur.

İş üzrə CHP-nin keçmiş sədri Kemal Kılıçdaroğlu zərərçəkmiş, Hatayın keçmiş böyükşəhər bələdiyyə sədri Lütfü Savaş isə şikayətçi qismində tanınıb.