Böyük Britaniyada oktyabr ayında inflyasiya sürətlənərək son bir ilin ən yüksək səviyyəsinə yüksəlib.
Sfera.az bildirir ki, “Bloomberg”in məlumatına görə, istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artıb. Sentyabrda bu göstərici 3,5 faiz təşkil edib. Buna elektrik enerjisi və avtomobil yanacağının qiymətlərində kəskin artım səbəb olub.
İqtisadiyyatda daxili qiymət təzyiqini əks etdirən xidmət sektorunda inflyasiya 3,7 faiz səviyyəsində qalıb. Enerji daşıyıcıları, ərzaq, alkoqol və tütün məhsulları nəzərə alınmadan hesablanan baza inflyasiyası isə 2,8 faiz olub.
“The Guardian” yazır ki, Britaniyada ev təsərrüfatları qarşıdan gələn soyuq qış aylarına hazırlaşarkən qaz və elektrik enerjisi xərclərinin artması ilə üzləşirlər. Avtomobil yanacağının qiymətləri illik müqayisədə 33,2 faiz bahalaşıb. Bu, 2022-ci ilin iyulundan bəri qeydə alınan ən yüksək artımdır.
Qeyd edək ki, 2026-cı ilin ikinci rübündə Böyük Britaniya iqtisadiyyatı cəmi 0,4 faiz böyüyüb. Halbuki birinci rübdə artım 0,6 faiz təşkil etmişdi. İqtisadi artım tempinin zəifləməsinə İran böhranının nəticələrinin təsir etdiyi bildirilir.