Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci Qurultayında qanun pozuntularına yol verilməsi iddiası ilə bağlı cinayət işi üzrə hökm açıqlanıb.
Məhkəmə İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sabiq sədri Əkrəm İmamoğlu da daxil olmaqla 9 nəfəri (Rıza Akpolat, Özgür Çelik, Nihat Yeşiltaş, Baki Aydöner, Erkan Aydın, Mehmet Kılınçarslan, Metin Güzelkaya və Serhat Can Eşin) 2 il 1 ay müddətinə azadlıqdan məhrum edib.
Cemil Tuqay, Hüseyn Yaşar və Özgen Nama barəsində isə bəraət hökmü çıxarılıb.
Həmçinin məhkumlar barəsində Türkiyə Cinayət Məcəlləsinin 53-cü maddəsi tətbiq edilib. Hökm qanuni qüvvəyə minərsə, onlar cəzanın icrası müddətində siyasi hüquqlardan məhrum edilə bilərlər.
Qeyd edək ki, iş 4-5 noyabr 2023-cü ildə keçirilən CHP qurultayında Özgür Özəlin partiya sədri seçilməsi prosesində nümayəndələrin iradəsinə qanunsuz təsir göstərilməsi iddiaları ilə bağlıdır. İttiham tərəfi bəzi nümayəndələrə pul, vəzifə və digər maddi nemətlər təklif edildiyini iddia edib.