Azərbaycanda ödənişli yolların sayı arta bilər

Hazırda ölkədə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 129 kilometrlik, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun isə 81,3 kilometrlik hissəsi ödənişli yol kimi müəyyən edilib. Hər iki istiqamətdə sürücülər üçün alternativ ödənişsiz yollar mövcuddur.

Trend-ə istinadən, nəqliyyat eksperti Rauf Ağamirzəyev gələcəkdə digər magistral yolların da ödənişli ola biləcəyini bildirib.

Ekspertin sözlərinə görə, Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizləri boyunca alternativ ödənişsiz yollar mövcud olduqda yeni ödənişli yolların təşkili mümkündür.

Rauf Ağamirzəyev qeyd edib ki, Şimal–Cənub nəqliyyat dəhlizinin şimal istiqamətində bu təcrübə artıq tətbiq olunur. Cənub istiqamətində isə köhnə yolun əsaslı təmiri başa çatdıqdan və alternativ marşrut tam formalaşdıqdan sonra yeni yolun ödənişli olması ehtimalı var.

Ekspert gələcəkdə Horadiz–Ağbənd avtomobil yolunda da oxşar modelin tətbiq edilə biləcəyini vurğulayıb.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinə çıxışı təmin edəcək yeni dördzolaqlı Horadiz–Ağbənd avtomobil yolunun ödənişli, mövcud M-6 magistralının isə ödənişsiz saxlanılması mümkündür.

Rauf Ağamirzəyev bildirib ki, ödənişli yollar beynəlxalq yükdaşımalar zamanı vaxta qənaət edilməsinə və nəqliyyatın daha sürətli hərəkətinə imkan yaradır.

Ekspert əlavə edib ki, bu təcrübə dünyanın bir çox ölkəsində, o cümlədən Türkiyə, Rusiya və Qazaxıstanda tətbiq olunur. Qeyd edək ki, sözügedən istiqamətlərdə ödənişli hərəkətin tətbiqi ilə bağlı hələlik rəsmi qərar açıqlanmayıb.