Paşinyan TRIPP-in texniki parametrlərinin Azərbaycanla razılaşdırılmalı olduğunu bildirib

Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP layihəsi çərçivəsində tikiləcək dəmir yolunun Azərbaycan dəmir yolu şəbəkəsinə birləşdirilməsinin texniki parametrlərin Bakı ilə razılaşdırılmasını zəruri etdiyini bildirib.

“Armenpress” xəbər verir ki, Nikol Paşinyan bu barədə Ermənistan parlamentində hökumət saatı çərçivəsində deputat Marianna Qahramanyanın sualını cavablandırarkən danışıb.

Baş nazir bildirib ki, Ermənistan ərazisində inşa ediləcək dəmir yolu Azərbaycan dəmir yolu ilə birləşdirilməlidir və buna görə də layihənin texniki məsələləri iki ölkə arasında razılaşdırılmalıdır.

“Bir incə məqam var: başa düşürsünüzmü, dəmir yolu gedir və başqa bir dəmir yoluna birləşməlidir”, – Paşinyan deyib.

O əlavə edib ki, məhz bu məsələlərin müzakirəsi üçün üçtərəfli işçi qup yaradılıb.

“Biz hesab edirik ki, bizim dəmir yolumuz Azərbaycanın dəmir yoluna birləşməlidir və bu məsələlər, texniki parametrlər, bəli, fəal şəkildə razılaşdırılmalıdır. Üçtərəfli işçi qrupunun yaradılmasının səbəbi də budur”, – Ermənistanın Baş naziri vurğulayıb.

Paşinyanın sözlərinə görə, Ermənistan, ABŞ və Azərbaycan noyabrın 7-də nəqliyyat və elektrik enerjisinin ötürülməsi istiqamətləri üzrə ilk iki texniki planlaşdırma qrupunun fəaliyyətə başlaması barədə razılığa gəliblər. Bu qrupların işi regional digər infrastrukturlarla əlaqələndirmə məsələlərini də əhatə edir.

Qeyd edək ki, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda almaniyalı həmkarı Yohann Vadefulla birgə mətbuat konfransında TRIPP-in giriş və çıxış hissələrinin Azərbaycan ərazisində olduğunu, əsas texniki parametrlərin Bakı ilə razılaşdırılmasının vacibliyini vurğulayıb.