Bakını gəzməyə çıxdım, mahnıda ilişdim, “mutu”da azdım – REPLİKA

Taksidəyəm, əlimdə telefon saytdan yazı oxuyuram. Birdən dedim at ey bu telefonu, fürsətdir, bir az Bakıya bax. Son vaxtlar şəhəri ancaq işə gedəndə və evə qayıdanda görürəm. Onda da Bakının gözəlliyindən çox, tıxaclarının uzunluğunu müşahidə edirəm.

Təzəcə pəncərədən şəhərə baxmağa başlamışdım ki, avtomobilin səsgücləndiricisindən bir oğlanın səsi ucaldı. Elə şit, elə nazlı oxuyur ki, adam elə bilir ki yalvarır. İstədim sürücüdən soruşum ki, qardaş, bu oğlan oxuyur, yoxsa kimdənsə nəsə umur?

Birdən qulağıma bir misra dəydi: “Ürəyində əylənib qalım gərək”.

Nə?

Bir də qulaq asdım.

Doğrudan da, ürəyində əylənib qalmaq istəyirmiş.

Ay bala, bu ürəkdir, yoxsa istirahət mərkəzi, ya dayanacaqla səhv salıbsınız? Belə də bədiləşdirmə olar? Bəlkə əylənmək deyir?.. Necə əylənəcək bəs? Özü də “əylənib qalım” deyir. Yəni əylənmək azdır, bir də orada qalmaq lazımdır.

Oğlan elə arxayın oxuyur ki, sanki ürəyin içində bütün şəraitlə tanış olub, razı qalıb, indi də köçməyə hazırlaşır.

Deyirəm, bəlkə, günah məndədir? Müasir mahnıların fəlsəfəsini başa düşmürəm. Axı hər dövrün öz poeziyası var. Bizim dövrdə sevgililər bir-birinin ürəyində “yer” istəyirdi, indi görünür, əyləncə də tələb edirlər.

Peşə marağı güc gəlir. Telefonu çıxarıb axtarış verirəm. Görüm, bu misranın müəllifi kimdir? Kim ürəyi belə çoxfunksiyalı obyektə çevirib?

Məlum olur ki, mahnı Xalq artistimiz Nisə Qasımovaya məxsusdur, sözlərini də özü yazıb. Nisə xanımın sənətinə hörmətim var. Amma etiraf edim ki, yaradıcılığında belə bir yenilikdən xəbərsiz idim.

Nə isə, qərara gəldim ki, bu məsələni daha dərindən araşdırmayım. Birdən mahnının növbəti bəndində ürəyin içində ev tikib, çıxarış da alarlar.

Elə bu vaxt gözüm yol kənarındakı mağazaya sataşdı.

Adı “Qutu Mutu”.

Dedim, yaxşı, mahnıdan birtəhər çıxdıq, indi də gəlib “mutu”ya ilişdik.

Qutunu başa düşdüm. Qutudur da. İçinə nəsə qoyursan, bağlayırsan, aparırsan. Bəs “mutu” nədir?

Qutunun ehtiyat hissəsidir? Yoxsa qutunu alana yanında “mutu” da verirlər?

Bəlkə, anadoluların “mutlu” sözünə işarədir? Yəni qutu alırsan, xoşbəxt olursan. İndi camaatın xoşbəxtliyi də qutudan çıxırsa, buna nə deyəsən?

Jurnalist marağı yenə məni rahat buraxmadı. Axtarış verdim ki, görüm, bu “Qutu Mutu” nə aləmdir? Qarşıma çıxan reklam və PR materiallarına baxandan sonra isə mağazanın adına şükür etdim.

Bu mağazanın sosial şəbəkələrdəki paylaşımlarının üzərinə belə yazılıb:

“Azaflıq filialı endirimlər davam edir”

Dedim, yaxşı ki, mağazanın adı tapmacalı olsa da hərflər öz yerindədir.

Bəlkə də qəsdən səhv yazırlar. İndi marketinq işində olanlar qəribə istiqamət götürüb. Elə təqdimat verirlər ki, əsas məqsəd məhsulu satmaq yox, camaatı çaşdırmaqdan ibarət olur. Təki danışsınlar. Nə danışırlar, niyə danışırlar, fərqi yoxdur.

Bir sözlə, taksiyə Bakını seyr etməyə minmişdim, düşənə qədər bir mahnının mənasını axtardım, bir mağazanın adını çözməyə çalışdım.

Hələ yaxşı ki, yolumuz uzun deyildi.

Yoxsa qorxuram, növbəti küçədə elə bir adla qarşılaşardım ki, ünvana çatanda öz adımı da unudardım.