Görüşün vaxtı açıqlandı

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında ikitərəfli görüş noyabrın 19-da Şençjendə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinin plenar iclasından sonra keçiriləcək.

Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

“Sabah ikitərəfli görüş keçirməyi planlaşdırırıq. Hazırlaşırıq və ümid edirik ki, görüş faydalı və məzmunlu olacaq. Söhbətdə hər iki tərəfdən bir neçə nəfər iştirak edəcək”, – deyə o bildirib.

Onun sözlərinə görə, noyabrın 18-də keçirilən rəsmi qəbul zamanı Rusiya və ABŞ liderləri bir-biri ilə yalnız bir neçə kəlmə ediblər. Onlar masa arxasında yanaşı əyləşmədiklərindən söhbəti davam etdirmək mümkün olmayıb. Y.Uşakov əlavə edib ki, noyabrın 19-da iş günü ərzində prezidentlərin ünsiyyət qurmaq üçün əlavə imkanları olacaq.

Həmin gün Putin, Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında üçtərəfli görüş də keçiriləcək. Görüşə maksimum bir saat vaxt ayrılıb.

Noyabrın 18-də keçirilən Rusiya-Çin danışıqlarına toxunan Kreml nümayəndəsi bildirib ki, görüş qapalı qapılar arxasında, dostluq və səmimi şəraitdə keçib və iki lider arasında daimi dialoqun davamı olub.

Putin və Si Cinpin beynəlxalq və regional gündəmin ən mühüm və aktual məsələlərini müzakirə ediblər. Ukrayna münaqişəsinin nizamlanmasına xüsusi diqqət yetirilib.