Qrossidən İranla bağlı çağırış:

“Bu məsələ təcili həll edilməlidir, İranın nüvə materiallarının harada olduğunu və ya başına nə gəldiyini bilmirik”.

Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi İranın nüvə materiallarına çıxışın olmamasından yaranan risklə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Yoxlamaların bərpası üçün yol tapmalıyıq. İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NPT) üzvüdür və biz bu ölkənin nüvə obyektlərində yoxlamalar apara bilməliyik”, - o qeyd edib.

Qrossi İranın NPT-dən çıxması ehtimalı ilə bağlı suala cavabında isə bildirib ki, bu barədə qərar vermək İranın suveren hüququdur. Bununla belə, o, Tehranın müqavilədən çıxmasını ağıllı qərar hesab etmədiyini vurğulayıb.