Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Mirvari Ağayevanın fəaliyyəti ilə bağlı korrupsiya və digər qanun pozuntularına dair iddialar irəli sürülüb.
Bu barədə Bakues.az-ın qaynar xəttinə şikayət daxil olub.
Həmin kollecdə fəaliyyət göstərən və adının hallanmasını istəməyən müəllimin iddiasına görə, direktorun fəaliyyəti zamanı tələbələrdən pul alınması, imtahan blanklarında qiymətlərin sonradan dəyişdirilməsi və digər qanunsuz hallara yol verilib.
Bildirilib ki, şikayət Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə təqdim edilib. Daxil olan şikayət əsasında Ağdaş Dövlət Humanitar Kollecində artıq üç gündür yoxlama aparılır.
Müəllimin sözlərinə görə, şikayətdə qeyd olunan bəzi hallarla bağlı sübutların əsaslı olduğu qənaətinə gəlinib.
Yoxlamanın nəticələrinin yaxın günlərdə məlum olacağı gözlənilir.
Mövzunu diqqətdə saxlayacağıq.