Azərbaycan ABŞ-yə $14,4 milyonluq günəş elementi ixrac edib

Azərbaycanın yüksək texnologiyalı məhsullar ixracında günəş elementləri, geofiziki avadanlıqlar və telekommunikasiya qurğuları əsas mövqelər arasında yer alıb.

2026-cı ilin yanvar–sentyabr aylarına dair xarici ticarət bülleteninin yekun göstəricilərinə əsasən, yüksək texnologiyalı malların ixracı illik müqayisədə 155,1% artaraq 29,09 milyon dollardan 74,21 milyon dollara yüksəlib.

Məhsullar üzrə ən böyük göstərici günəş enerjisi üçün istifadə olunan, modullara yığılmamış fotoqalvanik elementlərin payına düşüb. Bu kateqoriya üzrə 16,10 milyon dollarlıq ixrac qeydə alınıb. Bunun 14,37 milyon dolları ABŞ-yə, 1,73 milyon dolları Çinə göndərilib.

Topoqrafik, meteoroloji və geofiziki cihazların hissələrinin ixracı 5,81 milyon dollar təşkil edib. Məhsulların əsas alıcısı 4,49 milyon dollarla Rusiya olub. Malayziyaya 678 min, Böyük Britaniyaya isə 307 min dollarlıq məhsul satılıb.

Elektrik cərəyanının paylanması və idarə olunması üçün avadanlıqların ixracı 3,40 milyon dollara çatıb. Əsas istiqamətlər Qırğızıstan, Fransa və Almaniyadır.

Telekommunikasiya və məlumat ötürmə qurğularının ixracı 2,51 milyon dollar təşkil edib. Bunun 1,54 milyon dolları Macarıstana, 364 min dolları Niderlanda göndərilib.

Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərinə 1 milyon dollarlıq turboreaktiv mühərrik, Rusiyaya 1,16 milyon dollarlıq rəqəmsal idarəetməli metal emalı dəzgahları, ABŞ-yə isə 783 min dollarlıq aviasiya mühərriki hissələri ixrac olunub.

Eyni dövrdə yüksək texnologiyalı malların idxalı 34,2% artaraq 1,63 milyard dollar təşkil edib.