Moldovanın Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynaya hücumları fonunda pilotsuz uçuş aparatlarının ölkənin hava məkanını pozması ilə əlaqədar Rusiyanın Moldovadakı səfirini çağıraraq ona etiraz notası təqdim edib.
Bu barədə informasiyanı Moldova Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
XİN-in məlumatına görə, noyabrın 17-də yeddi pilotsuz uçuş aparatı, o cümlədən Kişinyov üzərindən qanunsuz olaraq Moldovanın hava məkanına daxil olub. Onlardan altısı ölkə ərazisinə düşüb.
Nazirlik baş verənləri suverenliyin pozulması kimi qiymətləndirib və bu cür insidentlərin vətəndaşların həyatı və təhlükəsizliyi üçün təhdid yaratdığını bildirib.
Etiraz notasını təqdim edən Moldova tərəfi Rusiyadan bu cür hərəkətlərə son qoymağı, ölkənin hava məkanına və sərhədlərinə hörmət etməyi tələb edib.