Bakı, 18 noyabr, AZƏRTAC Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ regional bölməsi Tərtər rayonunda yerli icra nümayəndələri və bələdiyyə üzvlərinin iştirakı ilə iri və xırdabuynuzlu heyvanların dövlət hesabına identifikasiyasının aparılması ilə bağlı maarifləndirici tədbir keçirib. AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan hədəflər diqqətə çatdırılıb.Bildirilib ki, heyvanların elektron uçotu onların mənşəyinin və doğulandan kəsiminədək izlənilməsinə, baytarlıq nəzarətinin gücləndirilməsinə və heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək. Bu baxımdan, rayonun kənd və qəsəbələrində heyvandarlıq təsərrüfatlarının qeydiyyata alınması və izlənmənin düzgün təmin olunması mühüm əhəmiyyət daşıyır. Tədbirdə, həmçinin heyvanların identifikasiyasının təşkili, eləcə də məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə daxil edilməsi qaydaları izah olunub, yaradılmış modul və portalın təqdimatı keçirilib. Sonda iştirakçıların sualları cavablandırılıb, qarşıdakı vəzifələrin icrasında birgə, koordinasiyalı fəaliyyətin vacibliyi vurğulanıb.