Alimlər Ay səthindəki torpağı təqlid edən xüsusi qarışıqda yüksək qida dəyərinə malik kartof yetişdirməyə nail olublar. Bu uğur gələcəkdə Ayda uzunmüddətli yaşayışın təmin edilməsi və kosmosda kənd təsərrüfatının inkişafı baxımından mühüm addım hesab olunur.

Xarici mediaya istinadən, tədqiqatçılar Ay səthini örtən və “reqolit” adlandırılan qaya parçaları ilə toz qarışığını təqlid edən süni torpağa müxtəlif miqdarda vermikompost əlavə ediblər.

Vermikompost soxulcanların üzvi tullantıları emal etməsi nəticəsində yaranan, qida maddələri ilə zəngin təbii gübrədir. Təcrübələr göstərib ki, üzvi maddələr əlavə olunmayan torpaqda kartof bitkiləri demək olar ki, kök və yumru əmələ gətirə bilməyib.

Qarışığın 5 faizini vermikompost təşkil etdikdə bitkilərdə müəyyən inkişaf müşahidə olunub. Vermikompostun miqdarı 30 faizə çatdırıldıqda isə məhsuldarlıq ABŞ-ın Oreqon ştatında kartof istehsalı ilə tanınan Hermiston bölgəsinin kənd təsərrüfatı torpaqlarında əldə edilən göstəricilərlə eyni səviyyəyə yüksəlib.

Tədqiqatçılar kartofları istixana şəraitində, günəş işığından və süni işıqlandırmadan istifadə etməklə yetişdiriblər.

İlk təcrübələr kiçik dibçəklərdə aparıldığı üçün əldə edilən kartof yumrularının ölçüləri də kiçik olub. Məhsulun dadına hələ baxılmayıb. Çünki yetişdirilən kartoflar laboratoriya analizləri üçün istifadə edilib.

Bununla belə, daha böyük dibçəklərdə aparılan ikinci tədqiqat zamanı mağazalarda satılan kartofların ölçüsünə çatan məhsullar əldə olunub.