Bakı, 18 noyabr, AZƏRTACAvropa İttifaqı (Aİ) qurumları bərpaolunan enerji layihələri, elektrik şəbəkələri və enerji saxlama qurğuları ilə bağlı icazə prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi barədə razılığa gəliblər.AZƏRTAC xəbər verir ki, Avropa Şurasının açıqlamasına görə, təmiz enerjiyə keçidi sürətləndirmək məqsədilə hazırlanan müvafiq tənzimləmə ilə bağlı Avropa Parlamenti ilə aparılan danışıqlarda razılıq əldə olunub. Bildirilib ki, yeni tənzimləmə bərpaolunan enerji layihələrinin, enerji saxlama qurğularının və elektrik enerjisi doldurma stansiyalarının təsdiqlənməsi və şəbəkəyə qoşulması, eləcə də yeni elektrik və təbii qaz infrastrukturu layihələrinə icazə verilməsi ilə bağlı müddətlərin sadələşdirilməsini nəzərdə tutur.Qeyd olunub ki, üzv dövlətlər bərpaolunan enerji və elektrik şəbəkəsi layihələrini üstün ictimai maraq kəsb edən layihələr kimi qiymətləndirərək onlara prioritet verə biləcəklər. İnzibati gecikmələrin qarşısını almaq məqsədilə üzv ölkələr icazə prosedurunun aralıq mərhələlərində səlahiyyətli qurumların cavab verməməsini susmaqla razılıq əlaməti kimi qəbul edə biləcəklər.Avropa Komissiyasının 2025-ci ilin dekabrında təklif etdiyi bu tənzimləmə Avropanın enerji infrastrukturunun modernləşdirilməsi və genişləndirilməsini nəzərdə tutan “Avropa Şəbəkələri Paketi”nin əsas komponentlərindən biridir.Aİ ölkələrində elektrik enerjisinin ötürülməsi şəbəkələrinə dair layihələrin həyata keçirilməsi təxminən 10 il çəkir. Bu müddətin yarısı isə icazə prosedurlarına sərf olunur. Yeni tənzimləmə ilə həmin müddətin əhəmiyyətli dərəcədə azaldılması hədəflənir.Sənəd Avropa Parlamenti və üzv dövlətlər tərəfindən rəsmi təsdiqləndikdən sonra qüvvəyə minəcək.