Günəşdə güclü alışma baş verdi

Günəşdə gücünə görə sonuncudan əvvəlki sinfə aid alışma baş verib.

Bu barədə Federal Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Xidmətinin Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

M1.1 sinifli alışma Bakı vaxtı ilə saat 19:49-da 4578 saylı ləkələr qrupunda (S11W66) rentgen diapazonunda qeydə alınıb. Alışma 14 dəqiqə davam edib.

Günəş alışmaları rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. A0.0 sinfi Yer orbitində hər kvadratmetrə 10 nanovat gücündə şüalanmaya uyğundur. Növbəti hərfə keçdikdə şüalanmanın gücü 10 dəfə artır. Alışmalar Günəş plazmasının atılması ilə müşayiət oluna bilər. Plazma buludları Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.

Noyabrın 12-də Günəşin 4566 saylı əsas aktiv bölgəsində gözlənilmədən güclü alışmanın baş verdiyi məlum olub.