Onlar da Rusiyanın qanuni hədəfinə çevriləcək

Ukrayna ərazisində yerləşdiriləcək istənilən xarici hərbi kontingent Rusiya Silahlı Qüvvələrinin qanuni hərbi hədəfi hesab olunacaq.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa hərbçilərinin Ukraynada yerləşdirilməsi ilə bağlı xəbərləri şərh edərkən bildirib.

“Bizim tərəfimizdən görüləcək tədbirlər Xarici İşlər Nazirliyində deyil, Müdafiə Nazirliyi və Baş Qərargahda müəyyənləşdiriləcək. Prezident Vladimir Putinin bildirdiyi kimi, Ukraynada yerləşdiriləcək xarici qoşunlar Rusiya hərbçiləri üçün qanuni hədəfə çevriləcək. Ümid edirik ki, Paris bunu anlayır”, – Zaxarova deyib.

Diplomat Fransanın RFI radiostansiyasının “Volonté” əməliyyatı çərçivəsində Fransa hərbçilərinin Ukraynada olması barədə məlumatlarının Moskva üçün gözlənilməz olmadığını qeyd edib.

Onun sözlərinə görə, Rusiya daha əvvəl də Ukraynada Qərb ölkələrindən, o cümlədən Fransadan olan hərbi mütəxəssislərin, təlimatçıların və muzdluların mövcudluğunu iddia edib.

Zaxarova xatırladıb ki, Rusiya Xarici Kəşfiyyat Xidməti 2025-ci ilin oktyabrında Fransanın Ukraynaya hərbi kontingent göndərmək planları barədə məlumat yayıb.

O, Fransa Prezidenti Emmanuel Makronun da belə bir addımın mümkünlüyünü dəfələrlə dilə gətirdiyini bildirib.

Rusiya XİN rəsmisi Parisin daxili sosial-iqtisadi problemlər və etiraz aksiyaları fonunda Ukrayna münaqişəsində iştirakını genişləndirməsini də tənqid edib.

Fransa hərbçilərinin Ukraynada yerləşdirilməsi barədə iddialar müstəqil şəkildə təsdiqlənməyib.