Qax, 17 noyabr, AZƏRTAC Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş dəyirmi masa keçirilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Dəyirmi masanı rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova açaraq bildirib ki, Milli Dirçəliş Günü Azərbaycanın ictimai-siyasi həyatında mühüm tarixi əhəmiyyətə malikdir. 1988-ci il noyabrın 17-də yüz minlərlə insan Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarına, Qarabağda baş qaldıran açıq separatçılıq hərəkatına və soydaşlarımızın öz doğma yurd-yuvalarından kütləvi şəkildə qovulmasına etiraz olaraq haqq və azadlıq səsini ucaldaraq ayağa qalxıb. Qeyd olunub ki, 1993-cü ildə ölkədə yaranmış ağır ictimai-siyasi böhran şəraitində xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı müstəqil dövlətimizin tarixində yeni inkişaf mərhələsinin başlanğıcını qoyub.Vurğulanıb ki, 2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər xalqımızın birliyini, dövlətimizin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirib. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızı azad edib. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa olunub, 30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımız əbədi azadlığa qovuşub.Dəyirmi masada Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Natiq Allahverdiyev, Ağsaqqallar Şurasının sədri Mustafa Dadaşov, rayon arxivinin müdiri Mithad Sayadov və Heydər Əliyev Mərkəzinin direktoru Arzu Dunusova çıxış edərək Azərbaycanın müstəqillik tarixi və Milli Dirçəliş Gününün əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Çıxışlarda Milli Dirçəliş Gününün xalqımızın istiqlaliyyət uğrunda mübarizəsində mühüm mərhələ olduğu diqqətə çatdırılıb, dahi rəhbər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi və möhkəmləndirilməsi istiqamətində atdığı tarixi addımlardan bəhs olunub.