“Azərbaycanda saatlıq minimum əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur. Yeni mexanizm qısa müddətli işlərdə çalışan şəxslərin əmək münasibətlərinin rəsmiləşdirilməsinə, işlədikləri saatlara uyğun ödəniş almalarına və eyni vaxtda bir neçə iş yerində fəaliyyət göstərmələrinə imkan yarada bilər”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, saatlıq minimum əməkhaqqının məbləği aylıq minimum əməkhaqqının iş saatlarına bölünməsi ilə əldə olunan göstəricidən yüksək müəyyənləşdiriləcək. Bunun üçün xüsusi əmsallardan istifadə olunacaq:

“Yeni sistem xüsusilə turizm və ictimai iaşə kimi sahələrdə çalışanlar üçün əhəmiyyətlidir. Məsələn, bələdçi kimi fəaliyyət göstərən şəxsə gün ərzində cəmi 3-4 saatlıq xidmət üçün ehtiyac yarana bilər. Mövcud mexanizmdə belə qısamüddətli işlərin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi çətinlik yaradırdı.

Yeni qaydalar işəgötürənlərə saatlıq əmək müqaviləsi bağlamaq imkanı verəcək. Beləliklə, vətəndaş yalnız işlədiyi saatlara görə deyil, həm də rəsmiləşdirilmiş əmək münasibətlərindən irəli gələn hüquqlara sahib olacaq”.

V.Bayramov əlavə edib ki, bu, pensiya kapitalının formalaşması baxımından da əhəmiyyətlidir. Çünki əmək müqaviləsi ilə işləmək sosial təminat və gələcək pensiya hüquqları ilə birbaşa əlaqəlidir:

“Yeni mexanizm vətəndaşların bir neçə iş yerində çalışmasına da şərait yaradacaq. Xüsusilə hibrid iş rejimində çalışan və müvafiq peşə bacarıqlarına malik şəxslər həftənin müəyyən günlərində və ya ayrı-ayrı saatlarda müxtəlif işəgötürənlərlə əməkdaşlıq edə biləcəklər.

İlkin mərhələdə bir neçə sektor müəyyənləşdiriləcək, gələcəkdə isə saatlıq minimum əməkhaqqı sisteminin bütün sahələrə tətbiqi hədəflənir. Hazırda məşğul əhalinin təxminən 35 faizi əmək müqaviləsi ilə çalışır. Saatlıq əməkhaqqı mexanizminin tətbiqi qeyri-rəsmi məşğulluğun azalmasına və əmək müqavilələrinin sayının artmasına da təsir göstərə bilər”.