Dünyanın ən çox ziyarət edilən saytlarından bəzilərinə yerləşdirilən zərərli proqram kodu vasitəsilə istifadəçilərin rəqəmsal pulları və şəxsi məlumatlarının oğurlanmasına cəhd edilib.
Bu barədə “Reuters” kibertəhlükəsizlik üzrə mütəxəssisə istinadən məlumat yayıb.
Bildirilib ki, “Zoom”, “HSBC”, “Equifax”, “CNN”, “Salesforce” və “IKEA” kimi tanınmış şirkətlərin saytları hücuma məruz qalıb. Kibercinayətkarlar "JavaScript" kodu vasitəsilə kriptovalyuta ödənişlərinin ünvanlarını dəyişdirməyə, bank kartlarının məlumatlarını, kukiləri və ekran görüntülərini ələ keçirməyə cəhd ediblər.
Hücum ümumilikdə müxtəlif sahələrdə fəaliyyət göstərən 178 təşkilatın saytını hədəfə alıb. Kodun “Optimizely” platformasından istifadə edən saytlara yerləşdirildiyi bildirilir.
“Salesforce” şirkəti məsələ ilə bağlı araşdırmaya başlayıb və ehtiyat tədbiri olaraq “Optimizely” skriptlərini deaktiv edib. Hücumların ümumi miqyası isə hələlik məlum deyil.