Almaniyanın ən böyük bankı “Deutsche Bank”ın 15 milyondan çox daxili sənədinin sızdırılması maliyyə əməliyyatlarında mümkün qanun pozuntularını, nəzarət sistemindəki çatışmazlıqları və nüfuzlu müştərilərlə əlaqələri üzə çıxarıb.
Bu barədə “Financial Times”, “Le Monde” və digər beynəlxalq nəşrlərin iştirak etdiyi “Inside Deutsche Bank” araşdırmasında bildirilir.
230-dan çox jurnalistin iştirak etdiyi araşdırma 15,6 milyon məxfi sənəd və elektron məktuba əsaslanır. Materiallarda bankın Rusiya oliqarxları, ABŞ Prezidenti Donald Tramp və maliyyəçi Ceffri Epşteynlə münasibətlərinə dair yeni məlumatlar yer alıb.
Araşdırmaya görə, “Deutsche Bank” 2013–2019-cu illərdə Epşteynlə əlaqəli 582 milyon dollarlıq şübhəli ödənişləri emal edib. Daxili xəbərdarlıqlara baxmayaraq, bankın həmin dövrdə müştəri ilə münasibətlərini davam etdirdiyi bildirilir.
Digər sənədlər bankın Rusiya ilə biznes əlaqələrini genişləndirmək planlarını ortaya qoyur. İddialara əsasən, baş direktor Kristian Sevinqin rəhbərliyi dövründə Kremlin yaxın çevrəsi ilə əlaqəli müştərələr barədə daxili xəbərdarlıqlara kifayət qədər diqqət yetirilməyib.
Araşdırma həmçinin bankın 2017-ci ildə Donald Trampın vergi sənədlərini səhvən üçüncü tərəfə göndərdiyini və hadisə barədə Ağ Evi məlumatlandırmadığını göstərir.
Məlumatların yayılmasından sonra “Deutsche Bank” səhmləri noyabrın 17-də 5%-dən çox ucuzlaşıb.
Bank açıqlamasında araşdırmada göstərilən hadisələrin əksəriyyətinin əvvəlki illərə aid olduğunu bildirib. Şirkət 2019–2025-ci illərdə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsinə 7 milyard avro investisiya yatırdığını vurğulayıb.
Bank Epşteynlə keçmiş əlaqələrini səhv adlandırıb, lakin rəhbərliyin həyata keçirdiyi islahatlar nəticəsində risklərin idarə olunmasının əhəmiyyətli dərəcədə gücləndirildiyini bəyan edib.