Azərbaycanda saatlıq maaş sistemi tətbiq edilir - l oxunuş

Azərbaycanda saatlıq əmək haqqı sistemi tətbiq ediləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı hallardan biri olduqda saatlıq əmək haqqı müəyyən ediləcək:

- siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət növləri üzrə fəaliyyət göstərən müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdığı iş yerlərində bir aydan az müddətə əmək müqaviləsi bağlanıldıqda:

- həftəlik iş vaxtının müddəti 20 saat və ya ondan az müəyyən edildikdə.

Büdcədən maliyyələşdirilən müəssisələrdə müəyyən edilmiş əməyin ödənilməsi sistemində nəzərdə tutulduğu təqdirdə, saatlıq əmək haqqının tətbiqinə yol veriləcək. Natamam iş vaxtı ilə işləyən və aylıq əmək haqqı alan işçilərin əmək haqqı müəyyən edilmiş vaxta mütənasib olaraq minimum aylıq əmək haqqı məbləğindən hesablanan məbləğdən aşağı ola bilməz.

Saatlıq əmək haqqı müəyyən edilmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin hər iş saatına görə əmək haqqı minimum saatlıq əmək haqqı məbləğindən aşağı ola bilməz. Əmək haqqı saatlıq müəyyən edilən işçinin gündəlik iş vaxtının müddəti 1 saatdan az olduqda işçiyə ödənilən əmək haqqı minimum saatlıq əmək haqqından aşağı ola bilməz. İşçinin növbəti iş saatı 1 saatdan az olduqda həmin müddət də 1 saat kimi nəzərə alınmalı və ödənilməlidir.

Minimum saatlıq əmək haqqının məbləği minimum aylıq əmək haqqından hesablanan saatlıq tarif (vəzifə) maaşından yüksək məbləğdə müəyyən edilməlidir.

Saatlıq əmək haqqı müəyyən edilmiş işçilərə əmək haqqı əmək müqaviləsində nəzərdə tutulmuş vaxtda ödənilməlidir.

Qeyd edilib ki, işçilərin minimum yaşayış səviyyəsini təmin edən əməkhaqqının yaradılmasını hədəfləyən minimum əməkhaqqı bu gün bütün dünyada sosial siyasət alətlərindən biridir. Minimum əməkhaqqının tənzimlənməsi bir çox beynəlxalq təşkilatların, xüsusən də Beynəlxalq Əmək Təşkilatının həll etdiyi və diqqətdə saxladığı məsələlərdəndir.

Saatlıq minimum əmək haqqı tam və natamam iş vaxtı rejimində işləyən İşçilərə əməyin ödənilməsində bərabər rəftarı təmin edir. Saatlıq minimum əmək haqqı qısamüddətli müqavilə əsasında işə cəlb edilən və ya natamam iş saatında işləyən bəzi işçi kateqoriyaları üçün xüsusilə vacibdir. Bu gün Azərbaycan Respublikasının qanunvericiliyinə görə ölkəmizdə tətbiq olunan minimum əmək haqqı aylıq dövrü əhatə edir və bu zaman da bəzi hallarda işçilərə əmək haqqının məbləği minimumdan aşağı olaraq ödənilir. Belə ki, mövcud əmək qanunvericiliyində işçilərin əməyı vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir və müxtəlif hallarda əmək haqqının ödənilməsinin fərqli qaydaları nəzərdə tutulur (məsələn, müxtəlif işlər üzrə əmək funksiyası yerinə yetirilərkən əməyin ödənilməsi, peşələr əvəz edildikdə əməyin ödənilməsi, hasilat normaları yerinə yetirilmədikdə əməyin ödənilməsi, natamam iş vaxtında əməyin ödənilməsi qaydası və s.).

Bəzi kateqoriyalı işçilərə saatlıq minimum əmək haqqının müəyyən edilməsi minimum əmək haqqına daha çevik yanaşmanı, işçilər arasında bərabər münasibəti, işəgötürənlər tərəfindən əmək haqqının hesablanması mexanizminin müəyyən edilməsi və sui-istifadə hallarının qarşısının alınmasını təmin edir və işçilərin gözlənilən standart iş həftəsindən fərqli olaraq, həqiqətən işlədikləri saatlara görə maaş almasına imkan yaradır

Bu xüsusda əmək münasibətlərinin təkmilləşdirilməsi, əmək haqqı sisteminin çevikliyinin artırılması və işçilər üçün minimum əmək haqqı təminatlarının gücləndırılməsı məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsina minimum saatlıq əmək haqqı ila bağlı yeni normalar daxil edilib.

Dəyişikliklərə əsasən, qanunvericilikdə aylıq əmək haqqı ilə yanaşı, saatlıq əmək haqqı anlayışı da təsbit olunub. Bununla müəyyən iqtisadı fəaliyyət sahələrində çalışan işçilərin əməyinin saatlıq ödəniş sistemi əsasında tənzimlənməsi və hər işlənmiş saat uçun ödənilən əmək haqqının ölkə üzrə müəyyən edilmiş minimum saatlıq əmək haqqı məbləğindən aşağı olmamasının təmin edilməsi nəzərdə tutulur.

Eyni zamanda, Məcəllədə nəzərdə tutulan qaydada natamam iş vaxtı ilə işləyən və aylıq əmək haqqı alan işçilərin əmək haqqı müəyyən edilmiş vaxta mütənasib olaraq minimum aylıq əmək haqqı məbləğindən hesablanan məbləğdən aşağı ola bilməməsi müəyyən edilir.

Saatlıq əmək haqqı sisteminin tətbiq olunduğu iqtisadi fəaliyyət növlərinin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Siyahıya kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrinin daxil edilməsi nəzərdə tutulur.

Müvafiq qaydalara əsasən, qeyd olunan sahələrdə fəaliyyət göstərən müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdığı iş yerlərində əmək müqaviləsi bir aydan az müddətə bağlandıqda və ya iqtisadi fəaliyyət növündən asılı olmayaraq həftəlik iş vaxtı 20 saat və ya daha az müəyyən edildikdə saatlıq əmək haqqı sisteminin tətbiqi nəzərdə tutulur.

Yeni yanaşma xüsusilə qısamüddətli əmək müqavilələri ilə çalışan və natamam iş vaxtı rejimində işləyən şəxslərin əmək haqqının faktiki işlənmiş vaxta uyğun hesablanmasına imkan yaradır. Eyni zamanda, hər işlənmiş saat üçün minimum ödəniş təminatının müəyyən edilməsi işçilərin hüquqlarının qorunmasına və əmək münasibətlərində şəffaflığın artırılmasına xidmət edir. Minimum saatlıq əmək haqqı sisteminin tətbiqi əməkhaqqının müəyyən edilməsində daha çevik mexanizmin formalaşdırılmasına, əmək münasibətlərinin şəffaflığının artırılmasına və qabaqcıl beynəlxalq təcrübənin tətbiqinə töhfə verəcək.

Layihənin qəbul edilməsi dövlət büdcəsinə əlavə maliyyə yükü yaratmayacaq.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.