Bakı, 17 noyabr, AZƏRTAC Milli Dirçəliş Günü təkcə çağdaş təqvimimizin deyil, bütövlükdə Azərbaycan tarixinin ən böyük bayramlarından biridir. 1988-ci il noyabrın 7-də başlayan və həmin il dekabrın 5-dək davam edən Meydan hərəkatı Azərbaycan xalqının 1920-ci ildən məruz qaldığı sovet zülmünə qarşı etirazının kulminasiyası idi.Bu fikirləri AZƏRTAC-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, tədqiqatçı jurnalist Cavid İsmayıl bildirib. O qeyd edib ki, 1920-ci ilin aprelində Sovet Rusiyası Azərbaycanın 23 aylıq ilk müstəqilliyinə son qoyduqdan sonra xalqımız böyük faciələrlə üzləşib: “Zəngəzur Ermənistana peşkəş edildi, xalqımızın düşünən beyinləri ya ölkədən didərgin salındı, ya güllələndi, ya da gedər-gəlməzə sürgün edildi. 1922-ci ildə Nəriman Nərimanov rəhbərlikdən uzaqlaşdırılandan 1933-cü ildə Mircəfər Bağırov Azərbaycan SSR KP MK-nın birinci katibi təyin olunana qədər ölkəmizə yalnız ruslar və ermənilər rəhbər təyin olundu. Bu 11 illik müddət ərzində Sovet Azərbaycanına rəhbər təyin edilən yeganə azərbaycanlı Ruhulla Axundovun hakimiyyəti cəmi 16 gün çəkmişdi. Təbii ki, Cənubi Qafqazda məruz qaldığımız milli ayrı-seçkilik ilk fürsət düşən kimi daha böyük etiraz formasında üzə çıxmalı idi və məhz 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında özünü büruzə verdi. Heç də təsadüfi deyil ki, 1920-ci ildə Bakıdakı parlament binasından endirilən Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı məhz Meydan hərəkatı dalğasında paytaxtın baş meydanına gətirildi. Meydan hərəkatının ildönümündə isə Cümhuriyyətimizin himni Azadlıq meydanında səsləndirildi”. C.İsmayıl bildirib ki, Meydan hərəkatı Azərbaycan xalqının azadlığa təşnə olduğunu və bu yoldan dönməyəcəyini bütün dünyaya nümayiş etdirib. Azərbaycan xalqının və onun nəyə qadir olduğunun miqyasını dünya 1988-ci ildən bəri üç dəfə əyani şəkildə görüb: “Birinci dəfə 1988-ci il noyabrın 17-də, ikinci dəfə 1990-cı il yanvarın 20-də, üçüncü dəfə isə 2020-ci ildə Vətən müharibəsində. 20 Yanvar faciəsi və Xocalı soyqırımı Azərbaycan xalqını azadlıq və müstəqillik yolundan çəkindirmək üçün Ermənistanın hamisi olan böyük dövlətlərin qurduğu planların nəticəsi idi. Bu planlar xalqımıza böyük qurbanlar və faciələr hesabına başa gəldi. Amma 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin hücum əmri ilə başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının həm böyük, həm də azadlıq və müstəqilliyə layiq xalq olduğunu bütün dünyaya göstərdi”.Alim Azərbaycan tarixində 17 noyabrın dövlət bayrağımızın taleyindən qırmızı xətlə keçən əlamətdar təqvim günü olduğunu vurğulayıb: “Azərbaycan Xalq Cümhuriyyətinin noyabrın 9-da qəbul etdiyi üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 17-də Bakıda dəniz vağzalında ingilis generalı Tomsonun qarşılanma mərasimində qaldırıldı. 1920-ci ilin aprelində bolşeviklər tərəfindən endirilən üçrəngli bayrağımız 1988-ci il noyabrın 17-də başlayan və tarixə Milli Dirçəliş Günü kimi düşmüş Meydan hərəkatı ilə yenidən tarix səhnəsinə çıxdı. 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə üçrəngli bayraq Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildi. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. Nəhayət, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev 9 noyabrı Dövlət Bayrağı Günü elan etdi”.