Bakı, 17 noyabr, AZƏRTAC Azərbaycanın Ümumdünya Poçt İttifaqının (ÜPİ) iki əsas şurasında təmsil olunması ölkəmizə beynəlxalq poçt gündəliyində daha fəal iştirak etmək imkanı yaradır. Bu iştirakın əhəmiyyəti yalnız beynəlxalq platformalarda təmsilçiliklə məhdudlaşmır. Əsas məsələ əldə olunan təcrübənin ölkə daxilində poçt xidmətlərinin inkişafına necə töhfə verməsidir. Beynəlxalq əməkdaşlıq göndərişlərin çatdırılmasına, elektron ticarətin inkişafına və poçt xidmətlərinin rəqəmsallaşmasına necə təsir göstərə bilər? Bu sahədə Azərbaycan üçün hansı imkanlar açılır?AZƏRTAC-ın bu və digər suallarını AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC-nin İdarə Heyəti sədrinin müşaviri, Ümumdünya Poçt İttifaqının Rəqəmsal, Maliyyə və Ticarət İnklüzivliyi Qrupunun həmsədri Anar Məcidov cavablandırıb. – Anar müəllim, Azərbaycan 2026–2029-cu illər üçün ÜPİ-nin iki əsas şurasına üzv seçilib. Bu təmsilçilik ölkəmizin poçt sektoru üçün nə deməkdir?– 2025-ci ildə keçirilən Ümumdünya Poçt Konqresində Azərbaycan ÜPİ-nin İnzibati Şurasına və Poçt Əməliyyatları Şurasına üzv seçilib. Bu, ölkəmizin beynəlxalq poçt sektorunun gələcəyi ilə bağlı müzakirələrdə birbaşa iştirak etməsi baxımından mühüm imkandır.İnzibati Şura təşkilatın idarəçiliyi, siyasəti və inkişaf əməkdaşlığı məsələləri ilə məşğul olur. Poçt Əməliyyatları Şurası isə xidmətlərin texniki, əməliyyat, iqtisadi və kommersiya istiqamətlərinə diqqət yetirir. Beləliklə, Azərbaycan həm strateji, həm də praktiki məsələlərin müzakirəsində təmsil olunur.Fikrimcə, bu iştirakın əsas dəyəri beynəlxalq yanaşmaların formalaşdığı müzakirələrdə fəal iştirak etmək, digər ölkələrin təcrübəsini öyrənmək və ölkəmiz üçün faydalı həllərin tətbiqi imkanlarını müəyyənləşdirməkdir. – Siz həm milli poçt operatorunda, həm də ÜPİ-nin Beynəlxalq Bürosunda çalışmısınız. Bu təcrübə beynəlxalq əməkdaşlığın roluna baxışınızı necə formalaşdırıb?–2021-ci ildə “Azərpoçt”da fəaliyyətə başlamışam. Əvvəlcə poçtun inkişafı, daha sonra isə beynəlxalq daşımalar istiqamətində çalışmışam. 2024–2026-cı illərdə Bern şəhərində yerləşən ÜPİ-nin Beynəlxalq Bürosunun İnkişaf Əməkdaşlığı Direktoratında (DCDEV) Avropa və MDB regionları üzrə ekspert vəzifəsində fəaliyyət göstərmişəm.Milli operatorun daxilində çalışarkən xidmətlərin gündəlik təşkili və əməliyyatlarla bağlı çətinliklərlə bilavasitə üzləşirsən. Beynəlxalq təşkilatda isə eyni problemlərin müxtəlif ölkələrdə necə həll edildiyini, hansı yanaşmaların nəticə verdiyini görmək imkanı qazanırsan.Bu iki təcrübəni birləşdirən əsas məqam ondan ibarətdir ki, hər ölkənin infrastrukturu, bazarı və müştəri ehtiyacları fərqlidir. Buna görə də beynəlxalq təcrübəni olduğu kimi təkrarlamaq deyil, yerli şəraitə uyğunlaşdırmaq lazımdır. Mənim üçün beynəlxalq əməkdaşlığın əsas meyarı da əldə edilən bilik və əlaqələrin gündəlik əməliyyatlara, xidmət keyfiyyətinə və nəticə etibarilə müştəri məmnuniyyətinə real fayda verməsidir. – Vətəndaş beynəlxalq əməkdaşlığın təsirini harada hiss edə bilər? Məsələn, xaricə göndərilən bağlamanın çatdırılmasında bu əməkdaşlığın rolu nədən ibarətdir?– Bir ölkədən digərinə göndərilən bağlamanın ünvanına çatması bir neçə poçt operatorunun, logistika tərəfdaşının və gömrük qurumunun əlaqələndirilmiş fəaliyyətindən asılıdır. Bu prosesin görünməyən, lakin çox vacib hissəsi məlumat mübadiləsi və prosedurların uyğunlaşdırılmasıdır. Göndəriş barədə məlumat gec ötürüldükdə və ya iştirakçı tərəflərin iş qaydaları uzlaşmadıqda çatdırılmada gecikmələr yaranır. Ortaq standartlar və operativ əlaqələndirmə məhz bu riskləri azaltmağa xidmət edir.Elektron ticarət inkişaf etdikcə müştərilərin gözləntiləri də artır: alıcı bağlamasının hərəkətini izləmək, satıcı isə göndərişin xarici bazardakı müştəriyə etibarlı şəkildə çatdırılacağına əmin olmaq istəyir. Beynəlxalq əməkdaşlığın praktiki əhəmiyyəti məhz bu gözləntilərə cavab verməkdədir. – Bu qədər fərqli iştirakçının fəaliyyətini əlaqələndirmək üçün hansı mexanizmlər mövcuddur? ÜPİ bu prosesdə hansı rolu oynayır?– ÜPİ beynəlxalq poçt mübadiləsi üçün ümumi qaydalar, standartlar və əməkdaşlıq çərçivəsi formalaşdırır. Bu, müxtəlif ölkələrdə fəaliyyət göstərən operatorların bir-biri ilə daha uyğun və səmərəli işləməsinə kömək edir.Təşkilatın rolu bununla bitmir. ÜPİ, həmçinin bilik və təcrübə mübadiləsini təşkil edir, mütəxəssislərin potensialının artırılmasına və üzv ölkələrin inkişaf ehtiyaclarına uyğun layihələrin hazırlanmasına dəstək verir.Mənim çalışdığım İnkişaf Əməkdaşlığı Direktoratında da əsas prinsip ölkələrə eyni həlli təklif etməmək idi. İnfrastruktur, tənzimləmə və bazar şəraiti nəzərə alınmadan uğurlu nəticə əldə etmək çətindir.Ona görə də beynəlxalq standartların qəbul edilməsi ilə iş bitmir. Həmin standartların və təcrübənin milli operatorun əməliyyatlarında necə tətbiq oluna biləcəyini qiymətləndirmək də vacibdir. – “Azərpoçt”un ÜPİ çərçivəsində birbaşa iştirak etdiyi istiqamətlər hansılardır? Sizin həmsədri olduğunuz qrup hansı məsələlərə diqqət yetirir?– Poçt Əməliyyatları Şurasının 3-cü Komitəsi çərçivəsində Rəqəmsal, Maliyyə və Ticarət İnklüzivliyi Qrupu (DFTIG) fəaliyyət göstərir. Mən bu qrupun həmsədri kimi “Azərpoçt”u təmsil edirəm. Qrupun gündəliyində poçt şəbəkələrinin rəqəmsal xidmətlərin, maliyyə əlçatanlığının və ticarət imkanlarının genişləndirilməsində oynaya biləcəyi rol dayanır. Bu məsələlər xüsusilə kiçik biznes və xidmətlərə çıxışı məhdud olan əhali qrupları baxımından aktualdır.Həmsədr kimi əsas vəzifələrimdən biri iştirakçıların fəaliyyətinin əlaqələndirilməsinə, müzakirələrin irəliləməsinə və praktiki yanaşmaların müəyyənləşdirilməsinə dəstək verməkdir. Burada məqsəd müzakirələrin yalnız fikir mübadiləsi səviyyəsində qalmamasıdır. Bundan başqa, 2026–2029-cu illərdə “Azərpoçt”un nümayəndələri Poçt Əməliyyatları Şurasının Nəqliyyat və Logistika, eləcə də Ödənişlərin İnteqrasiyası qruplarının işində iştirak edirlər.Filateliya istiqamətində də təmsilçiliyimiz mövcuddur: Azərbaycan 2026–2029-cu illər üçün Filateliyanın İnkişafı üzrə Ümumdünya Assosiasiyasının (WADP) prezidentliyinə seçilib. Bu istiqamətlərin hər birində əsas məsələ əldə olunan təcrübənin necə dəyərləndirilməsi və praktikada tətbiq edilməsidir. – Bəs regional əməkdaşlıq necə qurulur? “PostEurop” kimi platformaların “Azərpoçt” üçün əlavə dəyəri nədən ibarətdir?– Qlobal qaydalar ümumi çərçivə yaradır, regional platformalar isə daha sıx peşəkar əlaqələr və konkret problemlər üzrə müntəzəm dialoq imkanı verir. “Azərpoçt” 2021-ci ildən Avropa poçt operatorlarını birləşdirən “PostEurop” Assosiasiyasının üzvüdür.Bu platformada operatorlar logistika, xidmət keyfiyyəti, rəqəmsallaşma və digər ortaq çağırışlarla bağlı təcrübələrini bölüşürlər. MDB regionunda isə Rabitə Sahəsində Regional Əməkdaşlıq Birliyi (RCC) fəaliyyət göstərir. Azərbaycan bu qurumda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi vasitəsilə, milli rabitə administrasiyası səviyyəsində təmsil olunur.Bu platformaların imkanları fərqlidir. Bizim üçün əsas məsələ müvafiq tərəfdaşlarla davamlı əlaqə saxlamaq, əməliyyat məsələlərini vaxtında müzakirə etmək və öyrəndiklərimizi milli poçt sektorunun ehtiyacları ilə əlaqələndirməkdir. – Beynəlxalq iştirakın praktik nəticə verməsi üçün hansı layihələr perspektivli görünür? Azərbaycanda bu baxımdan hansı təşəbbüs həyata keçirilir?– ÜPİ və İslam İnkişaf Bankı İnstitutunun birgə həyata keçirdiyi “Prosper MSMEs” təşəbbüsünü qeyd edərdim. Azərbaycan layihədə iştirak etmək üçün seçilmiş səkkiz ölkədən biridir. Layihə mikro, kiçik və orta sahibkarların elektron ticarətə qoşulmasında, xarici bazarlara çıxışında və rəqəmsal maliyyə xidmətlərindən istifadəsində poçt şəbəkələrinin imkanlarını araşdırır.Məsələn, yerli istehsalçı məhsulunu xaricə satmaq istəyir. Onun üçün alıcı tapmaqla yanaşı, məhsulu münasib şərtlərlə göndərmək, çatdırılmanı izləmək və ödəniş prosesini təşkil etmək də önəmlidir. Poçt şəbəkəsi bu zəncirin müxtəlif mərhələlərində mühüm rol oynaya bilər.ÜPİ-nin 153 poçt operatorunu əhatə edən 2025-ci il üzrə qlobal icmalına əsasən, iştirakçıların 71 faizi elektron ticarət, 58 faizi isə rəqəmsal maliyyə xidmətləri göstərdiyini bildirib. Bu, poçt şəbəkələrinin ənənəvi çatdırılma xidmətlərindən kənarda da böyük potensiala malik olduğunu göstərir.Ancaq hər ölkədə eyni xidmət modelinin uğurlu olacağını düşünmək olmaz. Sahibkarların ehtiyacları, bazarın ölçüsü, mövcud infrastruktur və tənzimləyici tələblər fərqlənir. “Prosper MSMEs” hazırda araşdırma və qiymətləndirmə mərhələsindədir. Buna görə də konkret nəticə vəd etmək hələ tezdir. İlk addım ölkə üzrə imkanları və məhdudiyyətləri müəyyənləşdirmək, bundan sonra əsaslandırılmış təkliflər hazırlamaqdır. – Son iki ildə Bakı mühüm beynəlxalq poçt tədbirlərinə ev sahibliyi edib. Bunun ölkəmiz üçün əhəmiyyəti yalnız ev sahibliyi ilə məhdudlaşırmı?– Əlbəttə, yox. Belə tədbirlər Azərbaycanın beynəlxalq poçt dialoqunda iştirakının daha aydın şəkildə görünməsinə imkan yaradır. Lakin onların əsas dəyəri qurulan peşəkar əlaqələr, müzakirə olunan problemlər və həmin əlaqələrin sonradan necə davam etdirilməsi ilə bağlıdır.2025-ci il yanvarın 28–30-da Bakıda ÜPİ və “Azərpoçt”un təşəbbüsü ilə Avropa və MDB regionu üzrə “Poçt nəqliyyatı” seminarı və Elektron Qabaqcıl Məlumatlar (EAD) üzrə təlim keçirilib.Həmin il mayın 13–15-də təşkil edilən Avropa və MDB Poçt Liderləri Forumunda ÜPİ-nin məlumatına görə, 35-dən çox ölkədən təxminən 150 yüksəksəviyyəli nümayəndə iştirak edib. Elektron ticarət, innovasiya, təchizat zəncirləri və kibertəhlükəsizlik əsas müzakirə mövzuları sırasında olub.2026-cı il oktyabrın 7–8-də isə Bakı “PostEurop”un Baş Assambleyasına və Biznes Forumuna ev sahibliyi edib. “PostEurop”un məlumatına görə, tədbir Avropadan 110-dan çox poçt rəhbərini və eksperti bir araya gətirib.Bu rəqəmlər beynəlxalq marağın miqyasını göstərir. Amma tədbirlərin uğurunu yalnız iştirakçıların sayına görə qiymətləndirmək olmaz. Əsas məsələ müzakirələrin hansı davamlı peşəkar əlaqələrə və gələcək əməkdaşlıq imkanlarına çevrilməsidir.Ona görə də belə görüşlərə ayrıca tədbir kimi deyil, tərəfdaşlarla uzunmüddətli əməkdaşlığın bir mərhələsi kimi yanaşmaq daha doğrudur. – Bütün bunları yekunlaşdırsaq, beynəlxalq əməkdaşlığın “Azərpoçt” üçün real nəticəsini hansı göstəricilərlə ölçmək olar?– Məncə, ən doğru yanaşma tədbirlərin və görüşlərin sayını deyil, onların əməliyyatlara və müştəri təcrübəsinə təsirini qiymətləndirməkdir. Məsələn, xarici operatorlarla məlumat mübadiləsi daha sürətli və dəqiq aparılırmı? Göndərişlərlə bağlı müraciətlər daha çevik həll olunurmu? Çatdırılma prosesində iştirak edən tərəflər arasında əlaqələndirmə yaxşılaşırmı? Bunlar nəticəni qiymətləndirmək üçün daha faydalı suallardır.Müştəri üçün isə meyar daha aydındır: o, göndərişini rahat izləyə bilirmi, çatdırılma müddəti barədə etibarlı məlumat alırmı və xidmətdən istifadə onun üçün asanlaşıbmı? Biznes üçün də əsas məsələ xidmətin proqnozlaşdırıla bilən və etibarlı olmasıdır.AZCON Holding-in 2025-ci il üzrə hesabatına əsasən, “Azərpoçt” il ərzində 9 milyondan artıq məktub və bağlama çatdırıb, maliyyə xidmətləri üzrə əməliyyatların sayı isə 90 milyonu ötüb. Bu miqyasda fəaliyyət göstərən sistemdə proseslərin hətta mərhələli şəkildə təkmilləşdirilməsi çoxsaylı istifadəçilər üçün əhəmiyyətli nəticələr verə bilər. Buna görə də beynəlxalq təcrübənin tətbiqindən danışarkən, ilk növbədə, onun müştərilərə və əməliyyat səmərəliliyinə təsirini nəzərə almaq lazımdır. Təmsilçiliklə praktiki nəticə arasında əlaqə yaratmaq əsas vəzifədir. – Rəqəmsallaşma, avtomatlaşdırma və süni intellekt fonunda poçt sektorunun gələcəyini necə görürsünüz? “Azərpoçt” üçün hansı istiqamətlər daha aktualdır?– Poçt sektoru ənənəvi çatdırılma xidmətlərini qorumaqla yanaşı, elektron ticarət, sərhədlərarası logistika, rəqəmsal həllər və maliyyə xidmətləri ilə daha sıx inteqrasiya olunur. Bu, operatorların müştərilərə təqdim etdiyi dəyəri də dəyişir. Avtomatlaşdırma və məlumatların təhlili göndəriş axınlarının planlaşdırılması, əməliyyatların idarə edilməsi və müştəri xidmətlərinin təkmilləşdirilməsi üçün yeni imkanlar açır. Süni intellekt də bu prosesin mühüm tərkib hissəsinə çevrilir.Məsələn, ÜPİ-nin Beynəlxalq Bürosu Vahid Məlumat Platforması əsasında poçt sektorunun ölkələr üzrə inkişafını təhlil etməyə və qərarların hazırlanmasına dəstək verməyə yönəlmiş süni intellekt agentinin pilot layihəsini hazırlayıb. Bu, texnologiyanın sektorda tətbiqinə dair istiqamətlərdən biridir. Lakin texnologiyanın tətbiqi özü-özlüyündə uğur göstəricisi deyil. Əsas məsələ onun çatdırılmanın etibarlılığına, əməliyyatların səmərəliliyinə və müştəri rahatlığına hansı faydanı verməsidir.“Azərpoçt” üçün beynəlxalq təcrübə xüsusilə logistika imkanlarının inkişafı, kiçik və orta sahibkarların xarici bazarlara çıxışının asanlaşdırılması və rəqəmsal xidmətlərin genişləndirilməsi baxımından faydalı ola bilər. Bu sahələrdə hər bir yanaşma yerli ehtiyaclar və tətbiq imkanları əsasında qiymətləndirilməlidir.Nəticə etibarilə, poçtun gələcəyini yalnız hansı texnologiyaları tətbiq etməyimiz deyil, insanların gündəlik həyatını və biznesin fəaliyyətini nə dərəcədə asanlaşdırmağımız müəyyən edəcək. Beynəlxalq əməkdaşlığın ən böyük dəyəri qlobal təcrübəni məhz belə real faydaya çevirməkdir. Müxbir – Pərvanə Qafarova Fotoqraf – Orxan Kərimov